“Bu gün ölkəmizdə Gənclər Günü qeyd olunur. Möhtərəm cənab Prezidentin sərəncamı ilə bir sıra fəaliyyət sahələrində fərqlənmiş gənclərin bir qrupuna Prezident mükafatlarının təqdim edilməsi dövlətin gənclərə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Azərbaycan gəncləri dövlət və cəmiyyət həyatının bütün sahələrində fəal iştirak edir, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə öz bilik və bacarıqlarını əsirgəmirlər”.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
Milli Məclisin sədri bildirib ki, Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında tarixi qələbələrimizin qazanılmasında müstəsna rol oynayıb: “Gənclərimiz Vətənə bağlılıqları, vətənpərvərlik ruhu və fədakarlıqları ilə xalqımızın qürur mənbəyinə çevrildilər”.
Sahibə Qafarova yaz sessiyasında qarşıda duran əsas vəzifələrə də toxunaraq qeyd edib ki, Konstitusiya prinsiplərinin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin hesabatı ilə bağlı məsələ müzakirə olunacaq, eyni zamanda 2025-ci il üzrə dövlət büdcəsinin icrası Milli Məclisin gündəliyinə təqdim ediləcək.
O vurğulayıb ki, Hesablama Palatasının, İnsan hüquqlarının müdafiəsi üzrə Milli Koordinasiya Şurasının, İnsan hüquqları üzrə Müvəkkilin (Ombudsmanın), eləcə də bələdiyyələrin fəaliyyəti ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının illik hesabatları və məlumatları da plenar iclaslarda diqqətə çatdırılacaq.
Milli Məclisin sədri beynəlxalq əlaqələrin inkişafı və parlamentin səlahiyyətləri ilə bağlı məsələlərin də yaz sessiyasında əsas diqqət mərkəzində olacağını bildirib: “Bütün bu məsələlərin müzakirəsi nəticə etibarilə parlamentin plenar sessiyasının yüksək səviyyədə keçirilməsini təmin edəcək”.
Çıxışının sonunda Sahibə Qafarova Gənclər Günü münasibətilə bütün Azərbaycan gənclərini təbrik edib, onlara möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb, yaz sessiyasında iştirak edən deputatlara isə uğurlar diləyib.