"Azərbaycanın taxıl yükləri üzrə tranzit potensialı daha da inkişaf edəcək"

31 Yanvar 2026 18:09 (UTC+04:00)

Qazaxıstan dünyada taxılın ən iri ixracatçıları sırasında yer alır. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı Astana ilə Bakı arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır. Qazaxıstan Taxıl İttifaqının Analitika Komitəsinin rəhbəri Yevgeni Karabanov müsahibəsində Qazaxıstan ilə Azərbaycan arasında taxıl sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, Qazaxıstan buğdasının rəqabətqabiliyyətliyi və nəqliyyat dəhlizlərinin rolu barədə danışıb. SİA AZƏRTAC-a istinadən müsahibəni təqdim edir.

–Bu gün Azərbaycan Qazaxıstan taxılının ixrac strukturunda hansı yeri tutur və bu göstərici son illərdə necə dəyişib?

–Azərbaycan buğdanın əsas hissəsini yaxın və nisbətən ucuz logistika amilinə görə Rusiyanın cənub bölgələrindən idxal edir. Bununla belə, bəzi dövrlərdə Rusiyada qiymətlər yüksəldikdə və ya yaxın regionlarda buğda qıtlığı yarandıqda azərbaycanlı idxalçılar buğdanı Qazaxıstandan alırlar.

Keçən marketinq ilinin avqust–sentyabr ayları buna nümunə ola bilər. Rusiyanın cənubunda yaz şaxtaları və quraqlıq nəticəsində buğdanın qiymətləri yüksəldi və Azərbaycan bazarında Qazaxıstan buğdasına tələbat yarandı. Xüsusilə marketinq ilinin ikinci yarısında ixrac artdı, çünki Qazaxıstanda uzaq bazarlara buğda ixracı üçün nəqliyyat subsidiyaları tətbiq edildi. Keçən marketinq ilinin yekunlarına görə, son 8 ildə Qazaxıstandan Azərbaycana buğda ixracı üzrə rekord həcm qeydə alındı – 695,2 min ton. Qazaxıstan buğdasının ümumi ixrac həcmində Azərbaycana tədarükün payı 9 faizdən bir qədər çox oldu.

Son 7 ilin göstəricilərinə baxdıqda, Qazaxıstandan Azərbaycana buğda ixracının dinamikasının qeyri-sabit olduğu görünür: 2018-2019-cu illər mövsümündə 339,5 min ton, 2019-2020-ci illər mövsümündə 17 min ton, 2020/2021-ci illər mövsümündə 34,5 min ton, 2021-2022-ci illər mövsümündə 192,2 min ton, 2022-2023-cü illər mövsümündə 273,5 min ton, 2023-2024-cü illər mövsümündə isə 2,5 min ton.

–Hazırda Azərbaycan bazarında ən çox tələbat olan taxıl növləri və taxıl emalı məhsulları hansılardır?

–Azərbaycanın Qazaxıstandan idxal etdiyi əsas bitki buğdadır. Keçən marketinq ilində Rusiyanın cənubunda məhsul qıtlığı ilə bağlı olaraq, arpa ixracı üzrə rekord göstərici qeydə alınıb – 34,6 min ton. Bundan əlavə, Azərbaycan Qazaxıstandan az həcmdə mərcimək də alır. Keçən marketinq ilində bu göstərici 3,7 min ton təşkil edib.

–Cari kənd təsərrüfatı mövsümündə Azərbaycana taxıl ixracının azalması hansı amillərlə bağlıdır?

–Cari marketinq ilinin sentyabr–dekabr aylarında Qazaxıstandan Azərbaycana buğda ixracının həcmi 126,9 min ton olub. Bu göstərici keçən marketinq ilinin eyni dövrü ilə müqayisədə 25 faiz azdır. Əsas səbəb Rusiyanın cənubunda buğdanın məhsuldarlığının yüksək olması və Rusiya taxılının rəqabətqabiliyyətli qiymətləri olub.

–Qiymət, keyfiyyət və logistika baxımından Qazaxıstan taxılı Azərbaycan bazarında digər tədarükçülərlə müqayisədə nə dərəcədə rəqabətqabiliyyətlidir?

–Hazırda Rusiyada və Qazaxıstanda buğdanın daxili qiymətləri eyni səviyyədədir. Logistika xərclərinin yüksək olmasını nəzərə alsaq, bu marketinq ilində Qazaxıstan taxılı Azərbaycan bazarında Rusiya buğdası ilə yalnız uzaq bazarlara buğda ixracı üçün nəqliyyat subsidiyalarının uzadılması hesabına rəqabət apara bilər.

–Orta müddətli perspektivdə Azərbaycana taxıl tədarükünün artmasına hansı iqtisadi, logistik və ya tənzimləyici şərtlər kömək edə bilər?

–Qazaxıstan buğdasının Azərbaycana davamlı ixracının təmin edilməsi üçün ən münasib variant nəqliyyat xərclərinin subsidiyalaşdırılmasıdır.

–Uzunmüddətli müqavilələr, məhsul çeşidinin şaxələndirilməsi və Xəzər marşrutlarının inkişafı hesabına Azərbaycanla əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilirmi?

–Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə, yəni Xəzər dənizi vasitəsilə taxıl ixracı böyük logistik xərclərlə müşayiət olunur və bəzən Rusiya ərazisi ilə tranzit daşımadan daha baha başa gəlir. Bu marşrut əsasən neft və neft məhsullarının, konteyner yüklərinin və digər yüklərin daşınması üçün istifadə edilir. Taxıl yükləri isə digər yüklərlə müqayisədə dəyərinin aşağı olması səbəbindən bu marşrut üzrə daşındıqda nəqliyyat subsidiyaları olmadan rəqabətqabiliyyətli olmur. Bundan başqa, bu marşrut təkcə Qazaxıstan yükləri ilə deyil, həm də Çinin Avropaya konteyner tranziti ilə xeyli dərəcədə yüklənib.

Qeyd etmək lazımdır ki, Qazaxıstan buğdası dünya bazarına Gürcüstanın Poti limanı vasitəsilə çıxarıldıqda Azərbaycan ərazisindən tranzitlə daşınır. Bu baxımdan Azərbaycanın taxıl yükləri üzrə tranzit potensialının gələcəkdə daha da inkişaf edəcəyini demək olar.