...Rusiya "kölgə donanması" tankerləri Ukrayna dronlarının hücumlarından qorxaraq Qara dənizdə üzərkən Türkiyə sahillərində gizlənməyə başlayıblar.
SİA xəbər verir ki, bu barədə “Militarnye” qəzeti dəniz nəqliyyatı analitiklərinə və OSINT məlumatlarına istinadən məlumat yayıb.
"Militarnye"nin məlumatına görə, ABŞ, AB, Ukrayna, Böyük Britaniya və bir sıra digər ölkələrin sanksiyalarına məruz qalan Rusiya bayrağı altında üzən STRATEG tankeri Qara dənizdə Türkiyə sahillərinə mümkün qədər yaxınlaşırdı. Xatırlatmaq üçün qeyd edək ki, Türkiyə NATO üzvüdür.
Xəritədə göstərilir ki, STRATEG Rusiyanın Novorossiysk şəhərindən yola düşüb və sonra sahil boyunca hərəkət edərək əvvəlcə Soçi yaxınlığında, sonra Gürcüstan sahillərində, daha sonra isə Türkiyə sahillərində hərəkət edərək Avropa ilə Kiçik Asiya arasında Bosfor boğazından keçib.
Beləliklə, belə bir nəticəyə gəlinir ki, Rusiya "kölgə donanması"nın tankerləri Ukrayna dəniz dronları onlara hücum etməyə başladıqdan sonra Qara dənizdəki taktikalarını dəyişdiriblər.
İndi onlar Türkiyə sahillərinə daha yaxın üzməyə çalışırlar və ümid edirlər ki, bu, onları dəniz dronlarının hücumlarından qoruyacaq.
Onu da xatırladaq ki, 2025-ci ilin dekabr ayında Kiyev ilk dəfə olaraq Rusiyanın "kölgə donanması" tankerlərinə sanksiyalardan yayındıqları və Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirdikləri üçün hücum etdiyini açıq şəkildə etiraf etdi.
2025-ci ilin noyabr-dekabr aylarında Ukrayna dronları Rusiyanın "kölgə donanması" ilə əlaqəli dörd neft tankerinə hücum etdi.
Qara dənizdə üç gəmiyə dəniz dronları, Aralıq dənizində isə digərinə PUA hücum etdi.
SBU-nun məlumatına görə, hücuma məruz qalan bütün tankerlər neft yükləmək üçün Rusiya limanlarına gedirdi. Ukrayna Silahlı Qüvvələri Kremlin müharibəni maliyyələşdirmək qabiliyyətini azaltmaq üçün bu cür əməliyyatları davam etdirir.
Əli Babayev