Beşbarmaq arxeoloji ekspedisiyasının 2025-ci il tədqiqatlarının yekunu təqdim olunub - FOTO

31 Yanvar 2026 15:33 (UTC+04:00)

Dövlət Turizm Agentliyində AMEA Arxeologiya və Antropologiya İnstitutunun Beşbarmaq arxeoloji ekspedisiyasının 2025-ci il nəticələrinə dair təqdimat mərasimi keçirilib.

Bu barədə SİA-ya Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Tədbiri Dövlət Turizm Agentliyinin "Mədəni İrsin Qorunması və İnkişafı" şöbəsinin müdiri Elşən Mustafayev açıb.

Çıxış zamanı Elşən Mustafayev bildirib ki, ekspedisiyanın ən mühüm nailiyyətlərindən biri karvansarayın aşkar olunmasıdır. O, bu kəşfin elmi baxımdan əhəmiyyətini vurğulayıb və gələcək tədqiqatlar üçün perspektivlərini qeyd edib. Həmçinin 2026-cı ildə qazıntıların davam edəcəyi və karvansarayın konservasiyasına xüsusi diqqət yetiriləcəyi qeyd olunub.

Beşbarmaq arxeoloji ekspedisiyasının rəhbəri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun "İlk Tunc dövrü arxeologiyası” şöbəsinin müdiri, dosent Səfər Aşurov 2025-ci ildə aparılan qazıntıların nəticələrini tədbir iştirakçıları ilə bölüşüb. Bildirilib ki, Beşbarmaq qalasının ikinci terrasındakı qazıntılar bu sahədə də İlk tunc dövrü – Kür Araz mədəniyyətinə aid mədəni təbəqənin mövcudluğunu təsdiq edib. Digər tərəfdən, tədqiqatlar təsdiq edir ki, orta əsrlərdə də ilk olaraq məhz bu sahə məskunlaşıb.

S.Aşurov uzun axtarışlardan sonra, nəhayət, orta əsr səyyahları haqqında məlumat verdikləri karvansarayın yerinin müəyyən edilməsini böyük uğur adlandırıb. İlkin qazıntılarla karvansarayın strukturu müəyyən olunub, çoxsaylı maddi mədəniyyət qalıqları əldə edilib. Tikilinin plan quruluşunun XVII əsr səyyahı Adam Olearinin təsviri ilə üst-üstə düşməsi, həmçinin numizmatik materiallar, qəlyan ucluqları və məhək daşının əldə edilməsi buranın məhz karvansaray olduğunu bir daha təsdiq edir.

Daha sonra 2025-ci il qazıntılarını əks etdirən videoçarx və əldə edilmiş maddi mədəniyyət qalıqlarından ibarət sərgi nümayiş etdirilib, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Tədbirin sonunda Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi İdarə Heyətinin sədri Murad Ağabəyli AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə əməkdaşlığın faydalarından, gələcək planlardan və xüsusən tarixi turizm istiqamətində atılacaq addımlardan bəhs edib.

Qeyd edək ki, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu Prezident İlham Əliyevin 2020-ci il 8 iyun tarixli Sərəncamı ilə yaradılıb və Dövlət Turizm Agentliyinin tabeliyinə verilib.