Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Uşaq evi sosial xidmət müəssisələrində yaşayan gənclər və Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları ahıl şəxsləri ziyarət ediblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, 2 fevral - Gənclər Günü münasibətilə təşkil olunan tədbirdə gənclər Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ilə maraqlı vaxt keçiriblər.
Onlar birlikdə dulusçuluq nümunələri hazırlayıb, xalça toxuyublar. Peşə-əmək Reabilitasiya Mərkəzində bərbər kurslarına cəlb edilən gənclər ahılların saçlarına qulluq göstəriblər, aşpaz gənclər isə ahıllarla birgə tort bəzəmə üzrə master-klasda iştirak ediblər.
Sonra ahıllar və gənclər arasında velosiped yarışı keçirilib, qaliblərə hədiyyələr təqdim edilib. Tədbir nəsillərarası ünsiyyətin möhkəmləndirilməsi və səmimi münasibətlərin qurulması məqsədi daşıyıb.