Regionlarda bank filiallarının az olması faizlərə təsir edirmi? - İQTİSADÇI AÇIQLADI

30 Yanvar 2026 17:00 (UTC+04:00)

Regionlarda verilən kreditlərin faiz dərəcələri uzun müddətdir ki, müzakirə mövzusudur. Eyni gəlirə və oxşar kredit tarixçəsinə malik müştərilərdən biri Bakıda, digəri isə rayonda kredit götürdükdə, çox vaxt faiz fərqi müşahidə olunur. Regionlarda faizlərin yüksək olmasının əsas səbəbi nədir? Kredit faizləri hansı bölgədə daha yüksəkdir? Bəs, regionlarda bank filiallarının az olması faizlərə təsir edirmi?

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli SİA-ya açıqlamasında bildirib ki, eyni gəlir səviyyəsinə, eyni kredit tarixçəsinə və eyni girov təminatına malik olan şəxslər arasında faiz dərəcələrinin fərqli olması iddiası doğru deyil:

"Yəni, əgər kredit alan şəxslərin bütün əsas risk göstəriciləri eynidirsə, banklar onlar üçün fərqli faiz tətbiq etmir. Kredit kartlarının verilməsi məsələsində də eyni yanaşma mövcuddur: eyni statusda olan müştərilər üçün şərtlər standartdır. Bu baxımdan “regionlara görə ayrı-seçkilik var” fikri yanlış yanaşmadır.

Biznes kreditləri və ya praktiki (istehlak məqsədli) kreditlərdə isə vəziyyət bir qədər fərqlidir. Burada əsas fərq girov təminatlarından qaynaqlanır. Məsələn, Bakıda təqdim edilən girovla regionlarda təqdim edilən girovun dəyəri və likvidliyi eyni deyil. Bakıda yerləşən 30 kvadratmetrlik bir mənzil regiondakı eyni ölçülü mənzildən dəfələrlə baha və daha likviddir. Bu isə bank üçün riskin daha aşağı olması deməkdir. Nəticədə, girovun dəyəri və tez satıla bilmə qabiliyyəti (likvidliyi) kredit şərtlərinə birbaşa təsir edir.

Şəxsin özü ilə bağlı olan istehlak kreditlərində — yəni girov tələb olunmayan kreditlərdə — əsas meyarlar gəlir səviyyəsi və kredit tarixçəsidir. Bu göstəricilər eynidirsə, region və Bakı arasında faiz baxımından fərq qoyulmur. Bu sahədə ölkədə nə qanunvericilik səviyyəsində, nə də bankların praktikasında hər hansı diskriminasiya mövcuddur.

Bəs onda regionlarda faizlər niyə daha yüksək görünür? Bunun bir neçə əsas səbəbi var. Birincisi, kredit portfelinin strukturudur. Bakıda biznes və ipoteka kreditlərinin payı daha yüksəkdir. Bu kreditlər adətən daha uzunmüddətli və daha aşağı faizli olur. Nəticədə, Bakıda kreditlərin orta faiz dərəcəsi aşağı düşür. Regionlarda isə kreditlərin əsas hissəsi istehlak kreditlərindən ibarət olduğu üçün orta faiz dərəcəsi daha yüksək görünür.

İkincisi, girov təminatlarının keyfiyyəti fərqlidir. Regionlarda təqdim olunan girovların həm bazar dəyəri, həm də likvidliyi Bakıya nisbətən aşağıdır. Üçüncüsü isə gəlir faktorudur. Statistik olaraq Bakıda əhalinin gəlirləri daha yüksəkdir və bu da banklar üçün riskin azalması deməkdir. Risk azaldıqca, kredit daha əlverişli şərtlərlə təqdim olunur. Bunlar artıq qəbul edilmiş və statistik olaraq təsdiqlənmiş faktlardır.

Bu məsələlərlə bağlı Mərkəzi Bankın rəsmi saytında regionlar üzrə orta kredit faiz dərəcələrini göstərən açıq statistika mövcuddur. Hər kəs həmin məlumatlara baxaraq, hansı regionda orta faizlərin nə səviyyədə olduğunu görə bilər.

Bəzən belə bir fikir səslənir ki, “regionlarda gəlirlər aşağıdırsa, kredit faizləri də aşağı olmalıdır”. Bu yanaşma iqtisadi baxımdan düzgün deyil. Bank və ya ümumiyyətlə hər hansı sahibkar bazar prinsipləri ilə fəaliyyət göstərir. Əgər bir məhsulu — bu halda krediti — Bakıda daha baha şərtlərlə sata bilirsə, regionda onu süni şəkildə ucuzlaşdırmaq üçün iqtisadi əsas yoxdur.

Filialların olub-olmaması faiz dərəcələrinə birbaşa təsir etmir. Bu amil yalnız xidmətə çıxış və əməliyyat xərclərinə müəyyən qədər təsir göstərə bilər. Xüsusilə müasir dövrdə onlayn bankçılıq və elektron maliyyələşmə imkanlarının genişlənməsi fonunda filial faktorunun rolu daha da azalıb.

Nəticə etibarilə, bu mövzunu ümumiləşdirsək, əsas cavab belədir: risklər eyni deyil. Riskin yüksək olduğu yerlərdə kredit faizləri də daha yüksək olur. Risk, girov təminatlarının dəyəri və likvidliyi, zamin duran şəxslərin gəlirləri kimi amillər regionlarla Bakı arasında fərqləndiyi üçün faiz dərəcələri də fərqli formalaşır. Faizlərin ucuzlaşması yalnız iki halda mümkündür: risk səviyyəsi aşağı düşəndə və ya bankların sərəncamında satılmayan, artıq maliyyə resursları olduqda. Əks halda, bazar mexanizmi ucuz kreditə imkan vermir".