“Azərbaycan–BƏƏ parlament əməkdaşlığı ölkəmizin Şərq regionuna siyasi inteqrasiyasıdır” -ŞƏRH OLUNDU

30 Yanvar 2026 17:25 (UTC+04:00)

“Azərbaycan və BƏƏ parlamentləri arasında əməkdaşlıq məsələlərinin gündəmə gətirilməsi ikitərəfli münasibətlərin inkişafında mühüm institusional mərhələ kimi dəyərləndirilə bilər”. Bu sözləri SİA -ya açıqlamasında politoloq Aytən Qurbanova bildirib.
Onun sözlərinə görə, bu ilk növbədə ikitərəfli əlaqələrin uzunmüddətli və dayanıqlı əsaslar üzərində qurulduğunu göstərir:
“Ümumiyyətlə, parlament diplomatiyası ölkəmizin iqtisadi maraqlarının beynəlxalq siyasi müstəvidə daha effektiv təşviqinə imkan yaradır. Qanunverici orqanlar arasında koordinasiya investisiya mühitinin təkmilləşdirilməsi, normativ-hüquqi çərçivələrin uyğunlaşdırılması və qarşılıqlı iqtisadi təşəbbüslərin stimullaşdırılması baxımından mühüm mexanizm rolunu oynayır. Xüsusilə enerji, bərpa olunan enerji mənbələri, logistika və nəqliyyat dəhlizləri üzrə əməkdaşlığın qanunvericilik səviyyəsində dəstəklənməsi Azərbaycanın strateji inkişaf prioritetləri ilə birbaşa əlaqəlidir. Parlamentlərarası əlaqələrin digər vacib istiqaməti isə beynəlxalq platformalarda ortaq siyasi mövqelərin formalaşdırılmasıdır. Bununla yanaşı, Azərbaycan–BƏƏ parlament əməkdaşlığı ölkəmizin İslam dünyası və Orta Şərq regionu ilə siyasi inteqrasiyasını dərinləşdirən effektiv platforma kimi çıxış edir və Azərbaycanın konstruktiv, etibarlı tərəfdaş imicini gücləndirir. Nəticə etibarilə, parlamentlərarası əməkdaşlığın inkişafı milli maraqlar nöqteyi-nəzərindən ölkəmizin siyasi manevr imkanlarının genişlənməsi, iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi və beynəlxalq mövqeyimizin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır və Azərbaycanın praqmatik, institusional xarici siyasət xəttini bir daha aydın şəkildə ifadə edir”.