“Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrdən etibarən cəmiyyətimizdə milli-mənəvi dəyərlərin qorunması mühüm prinsip kimi formalaşmışdır”. Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov SİA- ya açıqlamasında bildirib ki, Azərbaycan ailə modelində ana, bacı, xala, bibi, qaynana və digər qadın obrazları hər zaman yüksək mənəvi statusa malik olmuş, qadına münasibət hörmət və ehtiram üzərində qurulmuşdur.
Onun sözlərinə görə, Bu yanaşma yalnız sosial praktikada deyil, eyni zamanda milli mədəni irsimizdə və ədəbi nümunələrimizdə də öz əksini tapmışdır:
”Qədim türk-Azərbaycan mədəniyyətinin əsas qaynaqlarından biri olan “Kitabi-Dədə Qorqud” dastanında qadın və ana obrazları uca tutulur, ailənin və toplumun dayağı kimi təqdim edilir. Eləcə də klassik Şərq ədəbiyyatında qadın adlarının əsərlərin başlıqlarına çıxarılması, “Leyli və Məcnun”, “Xosrov və Şirin” kimi nümunələr , qadına verilən dəyərin açıq göstəricisi hesab edilə bilər. Bu faktlar göstərir ki, Azərbaycan sivilizasiyasında insanın dəyəri onun cinsinə görə deyil, mənəvi keyfiyyətləri və bacarıqları əsasında müəyyən olunmuşdur.
Diqqətəlayiq məqam ondan ibarətdir ki, Azərbaycan dilinin strukturunda qrammatik cins kateqoriyasının olmaması da bu mədəni yanaşmanın dil müstəvisində təzahürüdür. Bu baxımdan, cəmiyyətimizdə gender balansının tarixi olaraq mövcud olduğunu söyləmək mümkündür. Avropa ölkələrində “gender bərabərliyi” anlayışı hüquqi və institusional mexanizmlər vasitəsilə normativ çərçivəyə salınsa da, Azərbaycanda bu prinsip daha çox ənənəvi və mental dəyərlər üzərindən formalaşmışdır. Bununla bağlı müxtəlif dövlət rəsmiləri, o cümlədən parlament sədrinin çıxışlarında da bu mövzuya dair fərqli yanaşmalar səsləndirilmişdir.
Müasir dövrdə gender bərabərliyi və qadın hüquqlarının müdafiəsi ilə bağlı bir sıra normativ sənədlər mövcuddur. Lakin süni intellekt və rəqəmsal transformasiya mərhələsində cəmiyyətin inkişafı insanları yalnız cinsiyyət prizmasından qiymətləndirməyi getdikcə aktuallıqdan salır. Son illərin sosial-iqtisadi göstəriciləri göstərir ki, əmək bazarında işsizlik səviyyəsi kişilər arasında daha yüksəkdir və bu, əvvəlki dövrlərlə müqayisədə fərqli tendensiyanın formalaşdığını göstərir. Eyni zamanda, iş tapmaq prosesində psixoloji təzyiqlərə daha çox məruz qalan tərəfin kişilər olması da sosial reallıq kimi diqqət çəkir.
Ali təhsil müəssisələrinə qəbul statistikasında qadınların say üstünlüyü, eləcə də elm, təhsil və idarəetmə sahələrində qadınların fəallığının artması müsbət hal kimi qiymətləndirilsə də, bu prosesin balanslı şəkildə aparılması vacibdir. Azərbaycanda qadınların ictimai və vəzifə pillələrində təmsil olunması baxımından sistemli maneələrin mövcud olduğunu söyləmək üçün ciddi əsas yoxdur. Bununla belə, müəyyən sahələrdə yenilənməyə və struktur dəyişikliklərinə ehtiyac duyulduğu da danılmazdır.
Gender bərabərliyi anlayışı qadınların süni şəkildə üstün mövqeyə çıxarılması və ya kişilərin hüquqlarının məhdudlaşdırılması kimi qəbul edilməməlidir. Əks halda, bu yanaşma sosial tarazlığın pozulmasına və yeni problemlərin yaranmasına gətirib çıxara bilər. İnzibati praktikada da bəzən genderə əsaslanan fərqli münasibətlərin müşahidə edilməsi, qadınlara xəbərdarlıq, kişilərə isə daha sərt yanaşma göstərilməsi , hüquqi bərabərlik prinsipinin tətbiqində mübahisəli məqamlar yaradır.
Boşanma statistikalarında qadınların daha çox təşəbbüskar tərəf kimi çıxış etməsi də cəmiyyətdə gender münasibətlərinin dəyişən dinamikasını əks etdirir. Qeyd etmək lazımdır ki, Azərbaycan cəmiyyətində ana, bacı və qadın obrazına verilən mənəvi dəyər bir sıra Avropa ölkələrində hüquqi mexanizmlərlə tənzimlənməyə çalışılan münasibətlərdən fərqli olaraq, tarixi-mədəni şüurun tərkib hissəsidir. Məhz bu səbəbdən gender bərabərliyi məsələsinə milli mentalitet, sosial reallıqlar və tarixi kontekst nəzərə alınmaqla yanaşılması daha məqsədəuyğun hesab edilməlidir”.