Relsli nəqliyyatın inkişafı tıxacların azalmasına səbəb ola bilərmi? - EKSPERT AÇIQLADI

30 Yanvar 2026 16:39 (UTC+04:00)

Son zamanlarda Sumqayıt və Xırdalandan Bakıya gələn sürücülərin uzunmüddətli tıxaclarla üzləşməsi gündəlik həyatın reallığıdır. Bunun qarşısını almaq və şəhərətrafı ərazilərlə mərkəz arasında hərəkəti rahatlaşdırmaq üçün dəmir yolu xətlərinin bərpası və yeni stansiyaların tikintisi nəzərdə tutulub. Relsli nəqliyyatın inkişafı tıxacların azalmasına real alternativ ola bilər. Bəs, bu layihələr paytaxtda hərəkəti necə dəyişəcək?

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı SİA-ya açıqlamasında bildirib ki, hazırda bu istiqamətdə hərəkət edən insanların böyük əksəriyyəti şəxsi avtomobillərə və ya manatlıq taksilərə üstünlük verir:

"Digər bir qrup isə qanunsuz fəaliyyət göstərən, kiçik tutumlu mikroavtobuslardan istifadə etməyə məcbur qalır. Bu vəziyyət yol hərəkətinin yüklənməsinə, tıxacların artmasına və ümumilikdə nəqliyyat sistemində ciddi problemlərin yaranmasına səbəb olur. Eyni zamanda müvafiq qurumlar tərəfindən ekspres avtobus xətlərinin açılması, dəmir yolunda intervalların qısaldılması, sərnişin daşımalarının həcminin artırılması və hərəkət sürətinin yüksəldilməsi istiqamətində müəyyən addımlar atılır. Bütün bu tədbirlər nəqliyyat axınına müsbət təsir göstərir. Şübhəsiz ki, dəmir yolu şəbəkəsinin daha da genişləndirilməsi bu təsiri daha da gücləndirəcək.

Nəzərə almaq lazımdır ki, bu istiqamətdə hər gün minlərlə insan əsasən iş məqsədi ilə hərəkət edir. Əslində onların şəxsi avtomobildən istifadə etməsinə ciddi ehtiyac yoxdur. Lakin rahat, əlçatan və vaxt baxımından səmərəli ictimai nəqliyyat alternativi olmadıqda insanlar istər-istəməz şəxsi nəqliyyata və ya taksi xidmətlərinə üz tuturlar. Bu da avtomobil axınının artmasına, yol infrastrukturunun yüklənməsinə gətirib çıxarır. Əgər dəmir yolu şəbəkəsi qurularaq mövcud nəqliyyat sistemi ilə tam şəkildə inteqrasiya olunsa, eləcə də hazırkı şərait daha da genişləndirilsə, insanların böyük əksəriyyəti məhz bu istiqamətdə dəmir yoluna üstünlük verəcək. Artıq indiki şəraitdə belə gündəlik minlərlə sərnişin daşınır. Əvvəlki dövrlərlə müqayisədə bu gün daha çox insan şəxsi avtomobillə deyil, məhz dəmir yolu vasitəsilə Bakıya gəlib-gedə bilir. Yeni stansiyaların tikilməsi və şəbəkənin daha da genişləndirilməsi nəticəsində bu göstəricilərin əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Bu isə həm nəqliyyat sıxlığının azalmasına, həm də şəhərdaxili və şəhərətrafı hərəkətin daha səmərəli və dayanıqlı şəkildə təşkilinə ciddi töhfə verəcək".