"Azərbaycan–Çin münasibətləri strateji baxımdan möhkəm təməl üzərində qurulub" - ŞƏRH

30 Yanvar 2026 16:08 (UTC+04:00)

"Azərbaycan–Çin münasibətləri hazırda dinamik yüksəliş mərhələsindədir və bu əlaqələr son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. İki ölkə arasında münasibətləri daha da dərinləşdirən mühüm hüquqi sənədlər artıq imzalanıb. Xüsusilə ötən il imzalanmış Azərbaycan–Çin strateji tərəfdaşlığı haqqında Bəyannamə ikitərəfli əməkdaşlığın çoxşaxəli istiqamətlər üzrə inkişafı üçün möhkəm siyasi və hüquqi baza yaradıb". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanla Çinin ortaq maraqları əsasən Orta Dəhliz ətrafında cəmləşir:

"Sözügedən dəhliz bir sıra ölkələrin maraq dairəsində olsa da, burada Azərbaycan və Çin əsas açar ölkələr kimi çıxış edirlər. Azərbaycan Mərkəzi Asiyadan Avropaya uzanan nəqliyyat-logistika xəttində əsas tranzit qovşağı rolunu oynayırsa, Çin isə bu marşrutun ən böyük mənbə ölkəsi kimi xüsusi əhəmiyyət daşıyır. Orta Dəhlizin inkişafı həm regional ticarətin genişlənməsinə, həm də Avrasiya məkanında iqtisadi inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir.

Bununla yanaşı, Azərbaycan və Çin arasında rəqəmsal texnologiyalar, innovasiya, telekommunikasiya və yaşıl enerji sahələrində əməkdaşlıq da getdikcə genişlənir. Xüsusilə Azərbaycanda bərpa olunan enerji layihələrinin qurulması və inkişaf etdirilməsi prosesində Çin şirkətlərinin iştirakı perspektivli istiqamətlərdən biri hesab olunur. Çin bu sahədə qabaqcıl texnologiyalara və geniş təcrübəyə malikdir ki, bu da Azərbaycanın enerji keçidi strategiyası ilə üst-üstə düşür.

İki ölkə arasında ticarət, investisiya və sənaye əməkdaşlığı sahələrində də böyük potensial mövcuddur. Son dövrlərdə Çinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulmasına investisiya qoymaqda maraq göstərməsi əməkdaşlığın yeni və əhəmiyyətli təzahürü kimi qiymətləndirilir. Bu maraq həm infrastruktur layihələrini, həm də sənaye, enerji və logistika sahələrini əhatə edə bilər.

Ümumilikdə, Azərbaycanla Çin arasında qarşılıqlı anlaşmanın mövcudluğu, bir sıra regional və qlobal məsələlərdə mövqelərin üst-üstə düşməsi ikitərəfli münasibətlərin gələcək inkişafı üçün geniş perspektivlər yaradır. Hər iki ölkə Avropa bazarı ilə ticarət əlaqələrini genişləndirir və bu da onların xarici iqtisadi siyasətlərində daha çox koordinasiyaya ehtiyac formalaşdırır.

Qeyd etmək lazımdır ki, Çin Azərbaycanın ərazi bütövlüyünü keçmişdən bu günə qədər ardıcıl şəkildə dəstəkləyən ölkələrdən biridir. Bu amil ikitərəfli siyasi münasibətlərin sabit və problemsiz inkişafında mühüm rol oynayır. Siyasi müstəvidə ciddi ziddiyyətlərin olmaması, iqtisadi maraqların uyğunluğu və qarşılıqlı investisiya ehtiyacları əməkdaşlığı daha da möhkəmləndirir. Eyni zamanda Azərbaycanın Çin vətəndaşları üçün viza rejimini ləğv etməsi iki ölkə arasında turizm əlaqələrinin canlanmasına, insan təmaslarının artmasına və mədəni mübadilənin genişlənməsinə şərait yaradır.

Nəticə etibarilə, Azərbaycan–Çin münasibətləri həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan möhkəm təməl üzərində qurulub və bu əlaqələrin gələcəkdə daha da dərinləşməsi üçün geniş və real perspektivlər mövcuddur".