Robot müəllimlər gələcəyin köməkçisidir…

30 Yanvar 2026 16:34 (UTC+04:00)

Sinifdə səs varmı, yoxsa yalnız alqoritmlərin pıçıltısı?

Bakı məktəblərinin sinif otaqları… Zəng çalır, uşaqlar yerlərinə əyləşir və lövhə önünə bir müəllim yox, metal sükutla hərəkət edən robot çıxır. Səsi nə qəzəblidir, nə də mərhəmətli. Yorulmur, əsəbləşmir, səhv etmir. Amma bir sual açıq qalır: o, hiss edirmi?

Son günlər Bakı məktəblərində robot müəllimlərin dərs keçməsi ideyası cəmiyyətdə birmənalı qarşılanmır. Texnologiyanın təhsilə inteqrasiyası şübhəsiz ki, dövrün tələbidir. Robot müəllimlər dəqiqdir, sistemlidir, proqramdan kənara çıxmır. Bəli, bu, bilik ötürülməsində effektiv ola bilər. Amma məktəb yalnız bilik ötürülən məkanmı?

Müəllim uşağın ilk nümunəsidir. Onun baxışı ilə şagird özünə inanır, səsi ilə ruhlanır, bəzən bir “afərin”lə həyatı dəyişir. Robot isə nə uşağın qorxusunu anlayır, nə də gözlərindəki sualı oxuya bilir. O, dərsi bitirir, amma uşağın içində qalan boşluğu görmür.

Texnologiya insanı əvəz etməli deyil, onu tamamlamalıdır. Əgər sinif otağında canlı müəllimlə şagird arasındakı bağ qırılarsa, biz yalnız savadlı yox, emosional olaraq tənha bir nəsil yetişdirə bilərik. Təhsil təkcə riyaziyyat düsturları, qrammatika qaydaları deyil, təhsil insana insan olmağı öyrətməkdir.

Robot müəllimlər gələcəyin köməkçisi ola bilər, bəli. Amma müəllimin yerini tutarsa, məktəblər bilik mərkəzindən çox, soyuq informasiya zavoduna çevrilə bilər. Və o zaman sual belə olacaq: biz ağıllı texnologiya qazandıq, yoxsa hiss edən insanı itirdik?

Üstəlik, müəllim–şagird münasibəti təkcə dərs saatları ilə məhdudlaşmır. Müəllim uşağın həyatında bəzən valideyndən sonra ən böyük dayaq olur. Onun bir baxışı ilə şagird özünü dəyərli hiss edir, bir səssiz anlayışı ilə səhvindən utanmadan düzəlir. Robot isə proqramlaşdırıldığı qədər “anlayır”, yükləndiyi qədər “reaksiya verir”. Amma insanın daxili dünyası kodlara sığmır. Uşağın susqunluğunun arxasında qorxu, həyəcan, ya da köməyə ehtiyac ola bilər , bunu yalnız canlı bir insan sezə bilər.

Digər tərəfdən, robot müəllimlərin siniflərdə geniş tətbiqi müəllim peşəsinin nüfuzuna da təsirsiz ötüşmür. Cəmiyyət müəllimi əvəzolunan mexanizm kimi görməyə başlayarsa, təhsilin mənəvi dayaqları sarsılar. Müəllim sadəcə dərs deyən deyil, şəxsiyyət formalaşdırandır. Onu texnologiya ilə kölgədə qoymaq gələcəyin insanını da mexanikləşdirmək riskini yaradır. Təhsil gələcəyə yatırımdır və bu investisiyanın mərkəzində hələ də insan qalmalıdır.

Bu seçim bizimdir. Siniflərdə texnologiya olsun, amma ürək döyüntüsü də itirilməsin.