“Əmək bazarı” bülleteninin 5-ci sayı hazırlanıb

29 Yanvar 2026 18:29 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Əmək bazarı” bülleteninin 5-ci buraxılışı “Regionların məşğulluq xəritəsi” mövzusuna həsr olunub.

SİA xəbər verir ki, agentliyin kommunikasiya departamentindən verilən məlumata görə, bülletenin əsas məqsədi regionlarda fəaliyyət göstərən işəgötürənlərin hansı peşə qrupları üzrə işçi tapmaqda çətinlik yaşadıqlarını, namizədlərlə bağlı əsas problemləri necə qiymətləndirdiklərini, bacarıq, təcrübə və əmək davranışı ilə bağlı gözləntilərini müəyyən etmək və həmin məlumatlar əsasında regionlar üzrə məşğulluq mənzərəsini formalaşdırmaqdır.

Bülleten regionlarda fəaliyyət göstərən işəgötürənlər və insan resursları sahəsində qərarverici mövqedə olan mütəxəssislər arasında aparılmış sorğunun nəticələri əsasında tərtib edilib.

Təqdim olunan məlumatlar regionlar üzrə məşğulluq vəziyyətinə dair ümumi mənzərəni əks etdirir, işəgötürənlərin qarşılaşdıqları əsas çətinlikləri və peşə-bacarıq ehtiyaclarını ümumiləşdirilmiş formada təqdim edir.

Onlayn formada keçirilmiş sorğuda respondentlərin 38,3 faizi insan resursları üzrə rəhbər şəxs, 31,1 faizi digər rəhbər vəzifəli şəxs, 30,6 faizi isə rəhbər şəxs olub.

Sorğunun nəticələri göstərir ki, regionlarda məşğulluqla bağlı əsas çağırış vakansiyaların mövcudluğundan daha çox, vakansiya tələbləri ilə mövcud namizəd profili arasında uyğunluğun zəif olmasıdır. Bülleten regionlar üzrə əmək bazarında formalaşan əsas tendensiyaları, işəgötürənlərin real ehtiyaclarını və bacarıq boşluqlarını analitik yanaşma əsasında təqdim etməklə məşğulluq sahəsində qərarların dəqiq məlumatlara əsaslanmasına töhfə verir.