“Azərbaycan cəmiyyətində gender məsələsi ilə bağlı aparılan müzakirələrdə tez-tez problemlərin mövcudluğu iddia olunur. Lakin mövcud hüquqi və sosial reallıqlar göstərir ki, ölkədə gender bərabərliyi prinsipi uzun illərdir formalaşıb və bu sahədə sistemli diskriminasiya halları müşahidə olunmur”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Elçin Bayramlı bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyası və mövcud qanunvericilik bazası qadın və kişilərə bərabər hüquqlar tanıyır və bu prinsip həm hüquqi, həm də institusional səviyyədə təmin edilir:
”Praktiki müstəvidə də qadınların bir çox sahələrdə fəal iştirak etdiyi, sosial, siyasi və iqtisadi proseslərdə geniş təmsil olunduğu müşahidə olunur. Təhsil, səhiyyə, dövlət idarəçiliyi, sosial xidmətlər və digər sahələrdə qadınların üstünlük təşkil etməsi onların ictimai həyata inteqrasiyasının yüksək səviyyədə olduğunu göstərir. Hətta son dövrlərdə əmək bazarında müşahidə olunan tendensiyalar bəzi hallarda kişilərin məşğulluq imkanlarının məhdudlaşması ilə bağlı müzakirələrə səbəb olur ki, bu da gender balansına fərqli prizmadan yanaşma zərurəti yaradır.
Bu kontekstdə gender məsələsinə yalnız hüquqlar prizmasından deyil, həm də sosial məsuliyyət və vəzifələr baxımından yanaşmaq vacibdir. İnsan hüquqları anlayışı vəzifələrlə qarşılıqlı vəhdətdə mövcuddur. Cəmiyyətin dayanıqlı inkişafı üçün hüquqlarla yanaşı, sosial və mənəvi məsuliyyətlərin də dərk olunması mühüm əhəmiyyət daşıyır.
Azərbaycan cəmiyyətində qadınlar tarixən milli-mənəvi dəyərlərin qorunmasında, ailə institutunun möhkəmləndirilməsində və gələcək nəslin tərbiyəsində mühüm rol oynayıblar. Bu funksiyalar qadınların ictimai və sosial rolunu məhdudlaşdıran deyil, əksinə, cəmiyyətin mənəvi dayanıqlığını təmin edən əsas amillərdən biri kimi çıxış edir. Uşaqların sağlam, savadlı və mənəvi dəyərlərə bağlı şəkildə yetişdirilməsi ailə və cəmiyyət üçün strateji əhəmiyyət kəsb edir.
Eyni zamanda, qloballaşma şəraitində “azadlıq” və “müasirlik” anlayışlarının bəzən yanlış interpretasiyası müşahidə olunur. Qadın hüquqlarının genişləndirilməsi adı altında milli-mənəvi dəyərlərlə uzlaşmayan davranış modellərinin təşviqi cəmiyyət daxilində mənəvi ziddiyyətlər yarada bilər. Halbuki qadın hüquqları anlayışı əxlaqi deqradasiya ilə deyil, insan ləyaqətinin, ailə institutunun və sosial harmoniyanın qorunması ilə uzlaşmalıdır.
Azərbaycan dövləti öz siyasətində bütün vətəndaşlara cinsindən asılı olmayaraq bərabər hüquq və imkanlar təqdim edir. Xüsusilə həssas sosial qruplara, o cümlədən qadınlara yönəlik sosial müdafiə mexanizmləri və güzəştlər bu siyasətin praktik təzahürüdür. Bu baxımdan, ölkədə gender sahəsində nə hüquqi, nə sosial, nə də institusional böhran mövcuddur.
Gender məsələsi Azərbaycan cəmiyyətində problemli sahə kimi deyil, tarazlı və funksional şəkildə mövcud olan sosial münasibətlər sistemi kimi qiymətləndirilməlidir. Əsas vəzifə qadınların milli kimliyini, mədəni dəyərləri və sosial məsuliyyət hissini qoruyaraq cəmiyyətin inkişafında fəal iştirakını təmin etməkdir. Müasirlik milli-mənəvi dəyərlərin inkarı deyil, onların müasir şəraitdə yaşadılması ilə ölçülməlidir”.