"Azərbaycan-Çin münasibətləri davamlı şəkildə inkişaf edir" - ŞƏRH EDİLDİ

29 Yanvar 2026 16:12 (UTC+04:00)

"Azərbaycan ilə Çin arasında münasibətlər yüksək səviyyədə və davamlı şəkildə inkişaf edir. Ötən il yay aylarında Azərbaycan Prezidenti cənab Prezident İlham Əliyev Çin Xalq Respublikasına səfər edib və bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın güclənməsinə böyük töhfə verib".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında siyasi, iqtisadi, təhlükəsizlik və energetika sahələrində əməkdaşlıq daha da möhkəmlənib:

"Hətta vətəndaşların qarşılıqlı səfərləri üçün viza rejimi aradan qaldırılıb ki, bu da iki tərəfli münasibətlərin səviyyəsini göstərir. Azərbaycan çalışır ki, Çin ilə əlaqələrini daha da dərinləşdirsin. Bugünkü dünyada Çin ilə Avropanı birləşdirən böyük ticarət və logistika şəbəkəsi xüsusi önəm daşıyır və bu baxımdan Azərbaycan strateji bir mövqeyə malikdir. Böyük İpək Yolunun əsas tranzit ölkələrindən biri kimi Azərbaycan, həm ticarət, həm də nəqliyyat-logistika sahəsində regional əhəmiyyətini artırır. Qlobal siyasi və iqtisadi nizamın formalaşdığı bir dövrdə Azərbaycan ilə Çin arasında siyasi, iqtisadi və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi hər iki ölkə üçün faydalıdır. Xarici investorların və digər ölkələrin Azərbaycanla əməkdaşlıq imkanlarını dəyərləndirməsi, eyni zamanda Çin üçün də strateji əhəmiyyət daşıyır.

Çin artıq qlobal iqtisadiyyatın mərkəzlərindən biri kimi çıxış edir və Azərbaycan bu ölkə ilə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq qurmağa çalışır. Bu əməkdaşlıq yalnız iqtisadi sahədə deyil, həm də hərbi və müdafiə sahəsində, ordunun silah sistemlərinin modernləşdirilməsi və yenilənməsi istiqamətində də özünü göstərir.

Ümumiyyətlə, Çin-Azərbaycan münasibətləri strateji səviyyədədir və möhkəm əsaslara söykənir. Yeni qlobal reallıqlara uyğun olaraq, bu əlaqələrin gələcəkdə daha da inkişaf etməsi üçün geniş perspektivlər mövcuddur. Xarici ölkələrin Azərbaycana səfərləri də bu əməkdaşlığın dərinləşdirilməsinə və regiondakı siyasi və iqtisadi mövqeyimizin güclənməsinə xidmət edir".