“Azərbaycanda Sənaye Parklarında qeyri-neft sektorunda fəaliyyət göstərən, ixrac potensialı olan, idxalı əvəzləmə potensialına malik, perspektivli yeni iş yerləri yaradacaq və ümumi məşğulluğun artmasına töhfə verəcək müəssisələr rezident şəxs statusunda qəbul edilib”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Onun sözlərinə görə, qəbul olunan qərara əsasən, rezidentlər üçün yeddi illik güzəşt müddəti nəzərdə tutulur: "Bu müddət ərzində işçi vergiləri istisna olmaqla, digər vergilərdən azaddırlar. Həmin vergilərə torpaq vergisi, əmlak vergisi və mənfəət vergisi daxildir və bu istiqamətdə sahibkarlara əhəmiyyətli güzəştlər tətbiq olunur. Sənaye Parkları təkcə vergi güzəştləri ilə məhdudlaşmır, eyni zamanda investorlar və sahibkarlar üçün kompleks və müasir infrastruktur təqdim edir. Belə ki, parkların ərazisində fəaliyyət göstərən müəssisələr işıq, su, qaz kimi əsas kommunal xidmətlərlə fasiləsiz şəkildə təmin olunur, həmçinin rahat və çevik inzibatçılıq mexanizmlərindən istifadə etmək imkanı əldə edirlər. Söhbət təkcə vergi güzəştlərindən getmir. Eyni zamanda müəssisələrin infrastruktura sürətli, asan və əlavə xərclər olmadan qoşulması üçün çox əlverişli şərait yaradılır. Bu da istehsal proseslərinin qısa müddətdə başlamasına və rəqabət qabiliyyətinin artmasına ciddi təsir göstərir. Sənaye Parkları qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır və ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu parklar yerli istehsalın genişlənməsinə, ixrac imkanlarının artmasına, idxaldan asılılığın azalmasına və regionlarda dayanıqlı məşğulluğun formalaşmasına xidmət edir. Dövlət tərəfindən həyata keçirilən bu cür stimullaşdırıcı tədbirlər həm yerli, həm də xarici investorlar üçün cəlbedici mühit yaradır və uzunmüddətli perspektivdə Azərbaycanın qeyri-neft sektorunda rəqabətqabiliyyətli istehsal mərkəzinə çevrilməsinə şərait yaradır. Bu yanaşma dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir".