Xəzər rayonunda evlərdən 12 min manatlıq məişət əşyaları oğurlanıb

29 Yanvar 2026 16:25 (UTC+04:00)

Bakının Xəzər rayonunda naməlum şəxs üç evə daxil olaraq ümumilikdə 12 min 650 manat dəyərində məişət əşyalarını oğurlayıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, axtarışda olan 37 yaşlı R.Dəmirov saxlanılıb.

O, bir müddət əvvəl oğurluq etmək niyyətində olduğu evləri müşahidə edərək talama cinayətlərini gecə saatlarında törətməyi planlaşdırıb.

R.Dəmirovun analoji yolla Sabunçu rayonu ərazisində də iki evdən 9 min manat dəyərində məişət əşyalarını oğurladığı məlum olub.

Araşdırmalar davam etdirilir.