Nazirlər Kabineti ciddi hesabat blankları ilə bağlı qərar verib

29 Yanvar 2026 16:15 (UTC+04:00)

Nazirlər Kabineti 27 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları"nda dəyişiklik edib.

SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, ciddi hesabat blankları (Azərbaycan Mərkəzi Bankının (AMB) yaratdığı Hökumət Ödəniş Portalının, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") tabeliyindəki "İnnovasiyalar Mərkəzi" MMC-nin "ASAN ödəniş" informasiya sisteminin ödəniş barədə və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) strukturuna daxil olan "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin, "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin, "Azərpoçt" MMC-nin tətbiq etdiyi "Poçt-maliyyə xidmətləri" Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışları istisna olmaqla) onların hazırlanması fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər tərəfindən sifarişçilərin vəsaiti hesabına çap edilir.

Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, Hökumət Ödəniş Portalının çıxarışlarının uçotu qaydaları AMB tərəfindən, "ASAN ödəniş" informasiya sisteminin ödəniş barədə çıxarışlarının uçotu qaydaları "ASAN Xidmət" tərəfindən, AZAL-ın Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin, "Poçt-maliyyə xidmətləri" Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin və ADY-nin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin çıxarışlarının uçotu qaydaları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir.

Bu Qaydaların bəzi bəndlərinin müddəaları Hökumət Ödəniş Portalının, "İnnovasiyalar Mərkəzi"nin "ASAN ödəniş" informasiya sisteminin ödəniş barədə və AZAL-ın Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin, ADY-nin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin, "Azərpoçt" tərəfindən tətbiq edilən "Poçt-maliyyə xidmətləri" Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışlarına şamil edilmir.