Azərbaycanda Milli Turizm Təbliğat Fondunun yaradılması təklif edilir

29 Yanvar 2026 15:23 (UTC+04:00)

Azərbaycanda turizm sektorunun beynəlxalq bazarlarda daha effektiv təşviqi və ölkənin turizm potensialının tam reallaşdırılması məqsədilə Milli Turizm Təbliğat Fondunun yaradılması təklif olunur. SİA-ya xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında qeyd edilib.

Sənəddə bildirilib ki, hazırda turizmin tanıdılması əsasən Bakı və bir neçə məşhur istiqamətdə cəmləşib, regionların böyük hissəsi isə beynəlxalq marketinq kampaniyalarında kifayət qədər təmsil olunmur. Bu isə ölkəyə gələn turist axınının coğrafi baxımdan balanssız paylanmasına və bir çox bölgələrin turizm imkanlarından lazımi səviyyədə yararlana bilməməsinə səbəb olur.

"AmCham"ın ekspertləri Fondun ölkə üzrə fəaliyyət göstərən hotel və restoranlardan cüzi faiz əsaslı ödənişlər hesabına maliyyələşdirilməsini təklif edir: "Toplanan vəsait xarici bazarlarda reklam kampaniyalarına, beynəlxalq turizm sərgilərinə, rəqəmsal platformalarda tanıtım işlərinə və yeni bazarların cəlb edilməsinə yönəldiləcək. Bu mexanizm turizmin daha sistemli inkişafına, regionların tanıdılmasına və ölkənin qlobal rəqabət qabiliyyətinin artmasına xidmət edəcək".