“Robot müəllimlər və süni intellekt, müəllimi əvəz edən subyekt deyil” -EKSPERT DANIŞDI

29 Yanvar 2026 14:55 (UTC+04:00)

“Tədris prosesində süni intellektin və robot texnologiyalarının tətbiqi müəllimlik peşəsinin ləğv olunması anlamına gəlmir”. Bu sözləri SİA-ya açıqlamasında Doktorant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.

Onun sözlərinə görə, bu cür yanaşma elmi və pedaqoji baxımdan kökündən yanlışdır:

Əksinə, süni intellekt və robot müəllim modelləri təhsildə insan faktorunu aradan qaldırmaq deyil, müəllimlik peşəsini funksional baxımdan transformasiya etmək məqsədi daşıyır.

Müasir dövrdə bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da son illər ərzində təhsildə texnoloji innovasiyaların tətbiqi istiqamətində uğurlu layihələr həyata keçirilir. “Sistem” layihəsi çərçivəsində rəqəmsal platformalar, süni intellektə əsaslanan qiymətləndirmə və tədris alətləri təhsil mühitinə inteqrasiya olunur. Bu texnoloji modellərin heç biri müəllimi əvəz etmək missiyası daşımır, əksinə, müəllimin pedaqoji fəaliyyətini dəstəkləyən yardımçı vasitələr kimi çıxış edir.

Süni intellekt əsaslı sistemlər şagirdlərin biliklərinin yoxlanılması, testlərin avtomatik qiymətləndirilməsi, müəyyən mövzuların izahı və təkrarçılıq tələb edən tədris mərhələlərinin həyata keçirilməsində effektiv alət rolunu oynaya bilər. Bu isə müəllimin üzərindəki texniki və inzibati yükü azaldaraq vaxta qənaət etməsinə imkan yaradır. Nəticədə müəllimlər şagirdlərin fərdi inkişafına, yaradıcılıq potensialına və psixoloji xüsusiyyətlərinə daha çox diqqət ayıra bilirlər.

Unutmaq olmaz ki, müəllim sadəcə informasiya ötürücüsü deyil. Müəllim eyni zamanda emosional intellektə, empatiya bacarığına və etik dəyərləri aşılamaq gücünə malik olan əsas pedaqoji fiqurdur. Təhsilin əsas funksiyalarından biri də tərbiyə prosesinin həyata keçirilməsidir ki, bu funksiyanı süni intellekt və robot texnologiyaları əvəz edə bilməz.

Təhsil yalnız bilik ötürülməsi prosesi deyil, eyni zamanda şagirdin gələcək vətəndaş kimi formalaşmasını təmin edən sosial və mənəvi mexanizmdir. Şagirdlərin milli və bəşəri dəyərlər ruhunda yetişdirilməsi, onların xarakterinin və dünyagörüşünün formalaşdırılması emosional ünsiyyət və fərdi yanaşma tələb edir. Robot texnologiyaları standartlaşdırılmış yanaşma təqdim edir və insan emosiyalarını, davranış incəliklərini dərk etmək imkanına malik deyil.

Robot müəllimlər və süni intellekt müəyyən tədris alətləri kimi qəbul edilə bilər, lakin müəllimi əvəz edən subyekt kimi deyil. Müəllimlər rəqəmsal texnologiyalara rəqib deyil, tədrisin keyfiyyətini yüksəldən tərəfdaşlar kimi yanaşmalıdırlar. Məhz bu baxımdan gələcəkdə süni intellektin təhsilə təsiri müəllimlik peşəsinin zəifləməsi deyil, onun daha keyfiyyətli və dərin məzmunlu fəaliyyətə keçidi ilə müşayiət olunacaq”.