“Sumqayıt Sənaye Parkında olan bu müəssisə ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyan layihələrdən biridir. Onun fəaliyyəti yalnız istehsal həcminin artması ilə məhdudlaşmır, eyni zamanda sənaye strukturunun dərinləşməsinə və iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir”. Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Azər Kərimli bildirib.
Onun sözlərinə görə, belə müəssisələrin yaradılması uzunmüddətli inkişaf baxımından xüsusi önəm kəsb edir:
“Layihənin icrası nəticəsində yeni iş yerlərinin açılması gözlənilir ki, bu da məşğulluğun artırılmasına və əhalinin sosial rifahının yüksəldilməsinə müsbət təsir göstərəcək. Xüsusilə texniki və ixtisaslaşmış kadrların cəlb olunması insan kapitalının inkişafına töhfə verəcək.
Müəssisə Azərbaycanın neft-kimya sənayesində əlavə dəyər yaradan istehsal sahələrinin genişlənməsinə imkan verəcək. Xammal ixracı ilə yanaşı, onun emal olunaraq hazır məhsula çevrilməsi ölkənin sənaye potensialını daha da gücləndirəcək və rəqabət qabiliyyətini artıracaq.
Polipropilen və laminatlı kisələr kənd təsərrüfatı, kimya sənayesi, tikinti və logistika kimi bir çox sahələrdə geniş istifadə olunur. Bu məhsulların yerli istehsalı müxtəlif sektorların dayanıqlı fəaliyyətini təmin etməklə yanaşı, istehsal zəncirində fasiləsizliyi gücləndirəcək.
Məhsulların ölkə daxilində istehsalı idxaldan asılılığın azalmasına səbəb olacaq. Bu isə valyuta axınının qarşısının alınmasına, xarici ticarət balansının yaxşılaşmasına və milli iqtisadiyyatın daha dayanıqlı olmasına şərait yaradacaq.
Belə bir müəssisənin fəaliyyətə başlaması daxili bazarın tələbatının yerli istehsal hesabına ödənilməsini təmin edəcək, sənaye inkişafını sürətləndirəcək və Azərbaycanın iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verəcək”.