Yanvarın 28-də Balakən rayon Mədəniyyət Mərkəzində narkomaniyanın fəsadlarından bəhs edən “Külə dönmüş arzular” tamaşası nümayiş olunub. Pakizə Hüseynova və Mirzəağa Məmmədovun ssenarisi əsasında səhnələşdirilmiş tamaşaya Mədəniyyət Mərkəzinin bədii rəhbəri Zöhrə Bakayeva quruluş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Balakən Rayon İcra Hakimiyyəti yanında Narkotiklərlə Mübarizə Komissiyası və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan tamaşada rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbər və əməkdaşları, müəllimlər, yuxarı sinif şagirdləri iştirak ediblər.
Tamaşanın nümayişindən əvvəl narkomanlığın fəsadlarını əks etdirən rəsm sərgisinə baxış olub.
Tamaşanın əvvəlində qeyd edilib ki, sağlam həyat tərzinin təbliği, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, sağlamlıq və yaradıcılıq fəaliyyətlərinin genişləndirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Bu işdə maarifləndirmə tədbirlərinin rolu böyükdür.
Tamaşada rolları Mədəniyyət Mərkəzinin dram dərnəyinin üzvləri ifa ediblər.
Sonda narkomaniyaya qarşı mübarizə tədbirlərinə həsr olunan film nümayiş etdirilib.