İsveç məktəblərində mobil telefonlara qadağa tətbiq olunacaq

28 Yanvar 2026 19:59 (UTC+04:00)

İsveç hökuməti payız semestrindən etibarən ibtidai məktəblərdə mobil telefonlardan istifadəyə ümummilli qadağa tətbiq edir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, şagirdlər dərs gününün əvvəlində telefonlarını təhvil verəcək və dərslər bitdikdən sonra onları geri alacaqlar. Qadağa uzadılmış qruplara və məktəbdənkənar açıq fəaliyyətlərə də şamil olunur, lakin tədris məqsədləri üçün və ya xüsusi hallarda istisnalar mümkündür.

Hakimiyyət orqanları hesab edirlər ki, vahid qadağa bütün məktəblər üzrə şagirdlər üçün sakit tədris mühitinin təmin edilməsi və diqqəti yayındıran amillərin azaldılması üçün zəruridir. Təhsil Nazirliyinin fikrincə, gün ərzində şagirdlərin dərslərə diqqət yetirmək, fasilələrdə isə dostları ilə ünsiyyət qurmaq, məsələn, futbol oynamaq və ya kitab oxumaq imkanı olmalıdır.

Qanunvericiliyə dəyişikliklərin avqustun 1-dən qüvvəyə minməsi planlaşdırılır. Hakimiyyət dairələrinin məlumatına görə, məktəblərin əksəriyyəti artıq bu cür məhdudiyyətləri qismən tətbiq edir, lakin ümummilli qərar bu təcrübəni qanunvericilik səviyyəsində möhkəmləndirməlidir.

Təhsil naziri Simona Moxamssonun fikrincə, mobil telefonlara qadağa ekranlardan istifadə mədəniyyətinin dəyişməsinə kömək edə və uşaqlarla valideynlərin ekran qarşısında keçirdiyi vaxtı azaltmağa şərait yarada bilər. Tədqiqatlara əsasən, İsveç yeniyetmələri dərsdənkənar vaxtda ekran qarşısında gündə təxminən yeddi saat vaxt keçirir ki, bu da rəqəmsal cihazların təhsilə və sağlamlığa təsiri ilə bağlı hakimiyyətin narahatlığını gücləndirir.