“Kia” ABŞ rüsumları səbəbindən ötən il 2,3 milyard dollar itirib

28 Yanvar 2026 18:03 (UTC+04:00)

Cənubi Koreyanın avtomobil istehsalçısı “Kia Corp.” ABŞ-da idxala tətbiq edilən tariflər səbəbindən 2025-ci ildə 3,3 trilyon von (2,3 milyard dollar) itirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, şirkətin mətbuata açıqlamasına görə, təkcə dördüncü rübdə itkilər təxminən 1 trilyon von təşkil edib. Oktyabr-dekabr aylarında gəlirlər 3,5 faiz artaraq 28,09 trilyon von, pərakəndə avtomobil satışları isə 1,6 faiz artaraq 776 min ədəd olub.

Eyni zamanda, əməliyyat mənfəəti 1,84 trilyon von, dördüncü rübdəki xalis gəlir 1,47 trilyon von azalıb.

“Kia” səhmləri çərşənbə günü 2,5 faiz ucuzlaşıb. Şirkətin bazar kapitallaşması ilin əvvəlindən bəri 22,9 faiz artıb.