28 yanvar 2026-cı il tarixində Mərkəzi Gömrük Hospitalında Ümumi Cərrahiyyə şöbəsinin ümumi cərrahı, tibb elmləri doktoru Dr. Aynur Səfiyeva tərəfindən “Rectum və onun xəstəlikləri” mövzusunda elmi-tədris təlimi keçirilib. Təlimdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun həkimləri ilə yanaşı, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Mərkəzi Gömrük Hospitalında cərrahiyyə, daxili xəstəliklər, təcili tibbi yardım və seçmə fənlər üzrə müxtəlif şöbələrdə təcrübə proqramı keçən VI kurs tələbələri iştirak ediblər.
Elmi-tədris proqramı çərçivəsində rectumun anatomik və funksional xüsusiyyətləri, bu nahiyənin ən çox rast gəlinən xəstəlikləri, müasir diaqnostik üsullar, eləcə də cərrahi müalicənin aktual yanaşmaları barədə ətraflı məlumat verilib. Bununla yanaşı, praktik klinik halların müzakirəsi aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Dr. Aynur Səfiyeva çıxışında bu kimi elmi-tədris tədbirlərinin həkimlərin peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsində, eyni zamanda gənc tibb kadrlarının praktiki hazırlığının gücləndirilməsində mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında mütəmadi olaraq keçirilən elmi və praktiki təlimlər səhiyyə sahəsində bilik mübadiləsinin genişləndirilməsinə, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və müasir tibbin tələblərinə uyğun kadr hazırlığına xidmət edir.