"Qida məhsulları mənşəyi bəlli olan yerlərdən alınmalıdır" - ŞƏRH EDİLDİ

28 Yanvar 2026 16:50 (UTC+04:00)

“E-122 kodu ilə boyaq maddəsi kimi tanınan “Azoribin”maddəsi digər adı ilə “Karmoazin” maddəsi qida və qeyri-qida məhsullarında qırmızı rəng verici kimi istifadə olunur. Daha çox Avropa Birliyi tərəfindən bir çox risk faktorları aşkarlandığına görə qadağan olunmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, bu qatqı maddəsi eləcə də, ABŞ-da, Yaponiyada və Avropa Birliyinə daxil olan bir çox ölkələrdə istifadə olunmur: “Lakin bəzi ölkələrdə də istifadəsinə müəyyən miqdarda icazə verilmişdir ki, eləcə də bu, Türkiyədə və ölkəmizdə də istifadəsinə icazə verilir. Böyük insanlar üçün gündəlik istifadə edə biləcək norma dəyəri hər kiloqram çəkisinə görə, 0,7 milliqram qəbul olunmuşdur. Amma nəzərə almaq lazımdır ki, bu istifadə olunan qida məhsulları xroniki xəstəli olan insanlarda xəstəliyin sürətləndirilməsinə, uşaqlarda xüsusilə hiperaktivliyə, həzm sisteminin pozulmasına gətirib çıxara bilər. Eləcə də artıq miqdarda qəbul etdikdə daxili orqanların funksiyasının pozulması ilə yanaşı, bir çox xəstəliklərə səbəb ola bilər. Bunlara əsasən, alergen olması ilə yanaşı, dəridə səpkilərin yaranması, müxtəlif xəstəliklərin yaranmasına səbəb olmaqla yanaşı, və daha çox kanserogen maddə olmaqla bilinir. Və yaxşı olar ki, qida məhsullarını alarkən etibarlı mənbəyi və mənşəyi bəlli olan yerlərdən alınması tövsiyə olunur. Xüsusilə də son günlərdə bunun kələm turşusunda istifadə olunması olduqca təhlükəlidir. Çünki turşu fermentasiya olunmuş məhsuldur və bu məhsulun içinə sintetik kimyəvi maddəsə daxil olduqda onun zərərləri daha da artır ki, ona görə bu məqamda mütləq keyfiyyətli, mənşəyi bəlli olan etibarlı yerdən bu məhsulun alınmasına diqqət olunsun. Əgər hər hansı paketlənmiş sənaye üsulu hazırlanmış məhsulun içində də istifadə olunursa, etiketdə göstərilməsi də vacib şərtlərdən biridir”.