“Son vaxtlar Azərbaycan milli-mənəvi dəyərlərin qorunması, müdafiəsi və möhkəmləndirilməsi ilə bağlı ölkəmizdə əhəmiyyətli addımlar atılır. Təəssüflər olsun ki, bizdə elə bir düşüncə tərzi formalaşıb ki, milli-mənəvi dəyərlərə zərbəni guya yalnız Avropa düşüncəli, daha çox Qərbə meyilli, liberal təfəkkürlü şəxslər vurur. Halbuki real həyatda, tədbirlərdə, toylarda, hətta yas mərasimlərində belə bu etik normaları pozanların daha çox savadsız, təhsili az olan, özünə güvənməyən şəxslər olduğunu görürük”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq, sosioloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları indiyədək də bu cür inzibati və qanun pozuntularına qarşı ciddi mübarizə aparıblar: “Bilirsiniz ki, daha çox ‘TikTok’ platformasında və digər sosial şəbəkələrdə təhqiramiz ifadələr işlədən, şərhlərdə insanları aşağılayan, eyni zamanda qeyri-qanuni əməllərini ictimailəşdirən şəxslərlə bağlı geniş kampaniya aparılır. Onların bir çoxu həbs edilir, inzibati və cinayət məsuliyyətinə cəlb olunur. Hətta bəzi hallarda onların öz etirafları mediaya sızdırılır. Amma real həyatda və yaxud bizim tanıdığımız insanlar arasında bu cür hadisələr baş verəndə nədənsə hüquq-mühafizə orqanları məsələyə eyni həvəslə yanaşmırlar. Fərqi yoxdur, istər Rəqsanə xanım olsun, istər Səidə xanım olsun, istərsə də digər tanınmış şəxslər – bu cür davranışlar qəbuledilməzdir. Çünki bunlar ictimai və mediativ fiqurlardır. Adamda sual yaranır ki, əgər sən öz evində bu cür danışa bilmisənsə və ya danışırsansa, bunu ictimailəşdirməyə necə haqq qazandırırsan? Hüquq-mühafizə orqanları baş verən hadisələrə çevik reaksiya verməlidirlər. Biz evimizdə istədiyimiz kimi geyinə, istədiyimiz addımı ata bilərik, amma bunu cəmiyyətə daşımağa haqqımız yoxdur.
Siz şəxsi həyatınızda Avropa dəyərlərini, liberal, hətta radikal baxışları tətbiq edə bilərsiniz, amma qanunu pozmamaq və ictimai davranış, etik normalara riayət etmək şərti ilə. Əgər siz bunları televiziya, media, sosial şəbəkələr vasitəsilə ictimailəşdirirsinizsə, artıq qanun qarşısında cavab verməli və onun sərt üzünü görməlisiniz. Bu baxımdan əxlaqdan kənar hərəkət və ifadələr ümumi milli səviyyədə qəbul olunmuş mental dəyərlərə arxa çevirməkdir və qətiyyən yolverilməzdir. Bu istiqamətdə müəyyən addımlar artıq atılır. Vaxtilə biz əxlaq müfəttişliyi institutunun yaradılmasını təklif etmişdik ki, hər şey polisə və məhkəməyə qədər gedib çıxmasın. Belə hallarda əxlaq müfəttişi inzibati xətalara görə cərimə tətbiq etsin ki, insanlar bir daha bu cür davranışlara yol verməsinlər.
Əgər Rəqsanə İsmayılova istəsəydi, Səidə xanımın onu təhqir etməsi, şəxsiyyətinə, ictimai nüfuzuna və ləyaqətinə xələl gətirən fikirlər səsləndirməsi ilə bağlı məhkəməyə müraciət edə bilərdi. Hüquq-mühafizə orqanları da bu məsələyə hüquqi qiymət verə bilərdi. Amma sosial şəbəkələrdə bazar dili ilə, təhqiramiz ifadələrlə cavab vermək düzgün yanaşma deyil. Əslində, Səidə Bəkirqızının fikirləri sosial qınaq obyekti kimi qəbul edilməli idi. Bu, bir jurnalistin Rəqsanə xanımın timsalında son illər şou-biznesdə gedən proseslərə qarşı sosial tənqidi kimi dəyərləndirilə bilərdi. Amma biz getdikcə elə bir vəziyyətə sürüklənirik ki, cəmiyyətdə baş verən hadisələrə münasibət bildirmək belə çətinləşir. Necə olur ki, siz cəmiyyətin qəbul etdiyi normaları pozursunuz, ictimai və sosial düşüncəyə kobud müdaxilə edirsiniz, amma sizi tənqid edənlərə qarşı tolerantlıq göstərməyib onları təhqir edirsiniz? Son illər Azərbaycanda, xüsusən də televiziya kanallarında tez-tez rast gəldiyimiz mənzərə budur: ekspertlərə hücum edən, əxlaqi problemləri olan, mənəvi dəyərləri aşınmış şəxslər az qala qəhrəman səviyyəsinə qaldırılır.
Ziyalı kənarda qalır, alim kənarda qalır, şair və düşüncə sahibi kənarda qalır, amma tərbiyəsiz və əxlaqi problemləri olan insanlar ön plana çıxarılır. Bu, son dərəcə təhlükəli tendensiyadır. Hesab edirəm ki, bunun qarşısını almaq üçün ictimai debatlarla yanaşı, cəmiyyət sosial qınağı gücləndirməli və bu istiqamətdə ciddi addımlar atmalıdır”.