Vətəndaşlara qarşı yarım milyon manata yaxın dələduzluq edən "hüquqşünas" həbs edilib

28 Yanvar 2026 14:29 (UTC+04:00)

Özünü sosial mediada hüquqşünas kimi təqdim edərək 145 zərərçəkmiş şəxsin ümumilikdə 449 916 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə şüphəli bilinən qadın həbs edilib.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qəmbərli məlumat verib.

Bildirilib ki, TikTok platformasında "Hüquq mərkəzi" adı altında səhifələr yaradılaraq canlı yayımlar vasitəsilə izləyici toplamaq və bu yolla vətəndaşların etibarından sui-istifadə edilməsi hallarına rast gəlinib.

Vətəndaşların müraciətləri əsasında Yasamal Rayon Polis İdarəsində aparılan istintaq tədbirləri nəticəsində özünü sosial mediada hüquqşünas kimi təqdim edən Səbiyyə Panəliyeva 145 zərərçəkmiş şəxsin ümumilikdə 449 916 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyinə görə Cinayət Məcələsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı görülən tədbirlərlə vurulan maddi ziyanın 381 529 manatının ödənilməsi təmin olunub, hazırda cinayət işinin ibtidai istintaqı davam etdirilir.

S.Panəliyevanın qanunsuz əməllərindən zərərçəkən digər şəxslər də aidiyyəti üzrə istintaqa müraciət edə bilərlər.