“Bu gün Yeni Azərbaycan Partiyasının tarixi faktiki olaraq müstəqil Azərbaycanın tarixi ilə eyni vaxtda təsəvvür olunur. Təmsil etdiyimiz siyasi partiyanın yolu xalqımızın rifahının təmin olunması, Azərbaycanın müstəqilliyinin və suverenliyinin qorunması istiqamətində gördüyü işlərlə səciyyələnir və bu fəaliyyət hər birimiz üçün qürurvericidir".
SİA xəbər verir ki, bu sözləri deputat YAP Nərimanov rayon təşkilatının yaranmasının 33-cü ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib.
Samir Vəliyev vurğulayıb ki, Yeni Azərbaycan Partiyası zərurətdən yaranmış siyasi partiyadır: “1990-cı ildən başlayaraq Sovetlər Birliyi dağılmaqda idi, birpartiyalı siyasi sistem süqut ərəfəsində idi. Ölkədə xaos, anarxiya hökm sürürdü və bu şəraitdə güclü, təşkilatlanmış siyasi partiyanın yaranması zəruri idi. Xalq Cəbhəsi Hərəkatı o dövrdə siyasi ideologiya ətrafında birləşmiş partiya deyildi. Yeni Azərbaycan Partiyası isə sözün əsl mənasında insanların eyni ideyalar ətrafında birləşərək ortaq gücə çevrildiyi siyasi təşkilat oldu".
Deputat bildirib ki, partiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində mümkün oldu: “Həmin dövrdə ölkənin bütün bölgələrini əhatə edən geniş elektorat formalaşdı və bu gün partiyamız xalq partiyası kimi tanınır. Azərbaycan xalqı doğru qərar verərək Yeni Azərbaycan Partiyasına etimad göstərdi və bu etimadın nəticəsində ölkəmizin qazandığı uğurların təməli qoyuldu".
Samir Vəliyev çıxışının sonunda vurğulayıb ki, Yeni Azərbaycan Partiyası həm keçmişin, həm bugünün, həm də gələcəyin partiyasıdır: “Bu gün əldə olunan nailiyyətlər həmin tarixi qərarların düzgünlüyünü sübut edir".