“Azərbaycan dövləti üçün mürəkkəb dövrlərdə strateji qərarlar həyati əhəmiyyət kəsb etdi” - Elgin Həbibullayev

28 Yanvar 2026 11:43 (UTC+04:00)

“Əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və onun siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmiz üçün ən çətin dövrlərdə həyati əhəmiyyət kəsb edən qərarların qəbuluna imkan yaratdı. Həmin illərdə Azərbaycanın siyasi, sosial və iqtisadi durumu olduqca mürəkkəb idi, lakin dövlət rəhbərliyinin uzaqgörən siyasəti sayəsində ölkəmiz sabitliyini qoruyub saxladı".

SİA xəbər verir ki, bu fikirləri Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev YAP Nərimanov rayon təşkilatının 33-cü ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib.

Elgin Həbibullayev bildirib ki, partiyanın yaranması və dövlətin müxtəlif sahələrində həyata keçirilən strategiyalar Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin birliyini təmin edib: “Ziyalılar, gənclər, ictimaiyyətin fəal nümayəndələri partiyanın sıralarında birləşərək ölkədə gedən proseslərə ciddi dəstək verdilər. Bu birlik və fəallıq Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində mühüm rol oynadı".

O vurğulayıb ki, Yeni Azərbaycan Partiyası gənc siyasi partiya olsa da, ağır sınaqlardan çıxmış, böyük nailiyyətlər əldə etmiş və tarixi məsuliyyət daşıyan siyasi təşkilatdır: “Partiyamızın əsas özəlliyi odur ki, onun rəhbərliyi Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılıb və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu, Azərbaycanın inkişaf yolunda vacib təminatdır".

Başçı çıxışının sonunda dünyada gedən mürəkkəb proseslərə də toxunaraq bildirib ki, Azərbaycanın strateji qərarları regionda sabitliyin qorunmasına, dövlətin müstəqilliyinin təmin olunmasına xidmət edir: “Hər bir vətəndaş dövlətin və partiyanın qarşısına qoyduğu məqsədlərə uyğun fəaliyyət göstərməli, gələcək nəsillərin inkişafı üçün məsuliyyətini dərk etməlidir”.