Hazırda dünyada bütün sistemlər rəqəmsal formaya keçid edir. Hətta süni intellektin və yüksək texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə kağız formatında imtahanların keçirilməsi artıq o qədər də müsbət qarşılanmır. Hesab edirəm ki, ölkəmizdə də rəqəmsallaşmaya doğru addımlamaq çox yaxşı təşəbbüsdür. Yaxın gələcəkdə qəbul imtahanlarının elektron, yəni rəqəmsallaşdırılmış formada tətbiqinin nəzərdə tutulduğu da açıqlanıb. Əgər qəbul imtahanları rəqəmsal formatda keçiriləcəksə və abituriyentlər elektron formada qəbul imtahanlarda iştirak edəcəklərsə, hesab edirəm ki, orta ümumtəhsil məktəblərində də imtahanlar bu formata uyğun şəkildə təşkil olunmalıdır.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri müsahibəsində təhsil eksperti Ramin Nurəliyev deyib. O bildirib ki, orta məktəbdə təhsil alan şagirdlər Dövlət İmtahan Mərkəzinin imtahan sisteminə uyğunlaşmaları üçün əvvəlcədən rəqəmsal formatda keçirilən imtahanlarla yaxından tanış olmalıdırlar: “Fikrimcə, burada böyük summativ qiymətləndirmə (BSQ) imtahanlarının rəqəmsal formada keçirilməsinin daha böyük təsiri olacaq. Buna görə də imtahanların rəqəmsal formatda təşkili yaxşı olardı. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə müəyyən təcrübəsi mövcuddur. Bildiyiniz kimi, müəllimlərin işə qəbulu imtahanları elektron formada keçirilir.
Summativ qiymətləndirmə imtahanlarına gəldikdə, ümumtəhsil məktəblərində şagird sayının çoxluğu səbəbindən bu prosesi birdən-birə bütün məktəblərdə tətbiq etmək müəyyən çətinliklər yarada bilər. Ona görə də proses mərhələli şəkildə həyata keçirilməlidir. Əlbəttə, ilkin mərhələdə hər bir imtahanda müəyyən çətinliklər, problemlər yarana bilər. Amma zamanla bu problemlərin aradan qalxacağına və sistemin daha da təkmilləşəcəyinə inanıram”.
Ramin Nurəliyev qeyd edib ki, artıq kağız formatından uzaqlaşmalıyıq. Çünki bütün dünya elektron sistemlərə, süni intellektə və yüksək texnologiyalara əsaslanan modellərə keçid edir. “Hətta bəzi ölkələrdə qəbul imtahanları distant və hibrid formatda keçirilir. Biz niyə bunu etməyək? Artıq buna doğru yaxınlaşırıq və demək olar ki, bu proses yaxın gələcəkdə başlayacaq. Hətta müəyyən mərhələlər üzrə artıq başlanıldığını da söyləmək olar. Hesab edirəm ki, böyük imtahanlarda və geniş auditoriyalarda bu sistemə keçməyin vaxtıdır. Qəbul imtahanlarının, eləcə də orta ümumtəhsil məktəblərində keçirilən summativ qiymətləndirmə imtahanlarının elektron formada təşkili çox müsbət və müasir təşəbbüsdür. Düşünürəm ki, bu istiqamətdə mövcud olan müəyyən çatışmazlıqlar zamanla öz həllini tapacaq və sistem daha da təkmilləşəcək”, - deyə o əlavə edib.