"Azərbaycan Respublikası müstəqil xarici siyasət kursuna malik olan, bütün dövlətlərlə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında münasibətlər qurmağa üstünlük verən ölkədir. Bu siyasətdə böyük və aparıcı dövlətlərlə əlaqələr xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Amerika Birləşmiş Ştatları ilə münasibətlər Azərbaycan xarici siyasətinin mühüm istiqamətlərindən biri olmuşdur. Ulu öndər Heydər Əliyev hələ müstəqilliyin ilk illərindən ABŞ-la əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm vermiş, bu xətt sonrakı dövrlərdə də cənab Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilmişdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, təəssüf ki, Co Bayden administrasiyası dövründə ABŞ–Azərbaycan münasibətlərində müəyyən gərginliklər müşahidə olunmuş, ölkəmizə qarşı ədalətsiz və qərəzli mövqelər sərgilənmişdir:
"Bu yanaşma ikitərəfli münasibətlərin ruhuna və mövcud əməkdaşlıq potensialına uyğun olmamışdır. Lakin Donald Trampın yenidən hakimiyyətə gəlişindən sonra ABŞ-ın Azərbaycanla əlaqələrə baxışında ciddi müsbət dəyişikliklər baş vermişdir. Prezident Donald Tramp Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir, iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi təşəbbüsləri ilə çıxış edir.
Qısa müddət ərzində ABŞ Prezidenti Donald Trampla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında bir neçə yüksək səviyyəli görüşün keçirilməsi bu münasibətlərin dinamik inkişafının bariz göstəricisidir. Xüsusilə qeyd etmək lazımdır ki, Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin əsas paraqraflarının razılaşdırılması regionda dayanıqlı sülhün təmin olunması baxımından mühüm tarixi əhəmiyyət daşıyır. Bu proses ABŞ-ın Cənubi Qafqazda sülh və sabitliyə verdiyi töhfənin açıq nümunəsidir.
Hazırda iki ölkə arasında strateji-müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində ciddi və əhatəli müzakirələr aparılır, iqtisadi əməkdaşlığın yeni perspektivləri müəyyənləşdirilir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, investisiya imkanları və regional təhlükəsizlik məsələləri əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Əminliklə demək olar ki, Azərbaycan və ABŞ artıq münasibətlərini strateji-müttəfiqlik səviyyəsinə yüksəldə bilmişdir.
Bugünkü geosiyasi reallıqlar fonunda hər iki ölkənin bir-birinə ehtiyacı vardır. Azərbaycan regional sabitliyin və etibarlı tərəfdaşlığın təminatçısı kimi çıxış edir, ABŞ isə qlobal miqyasda sülhün və təhlükəsizliyin qorunmasına töhfə verən aparıcı dövlətlərdən biridir. Bu əməkdaşlıq təkcə regionda əmin-amanlığın bərqərar olmasına deyil, eyni zamanda dünyada sülhün möhkəmlənməsinə də mühüm töhfə verir. Qarşılıqlı etimada əsaslanan Azərbaycan–ABŞ münasibətləri gələcəkdə daha da dərinləşərək hər iki xalqın maraqlarına xidmət edəcək".