"Hazırda Azərbaycan–ABŞ münasibətləri tarixdə heç vaxt olmadığı qədər dirçəliş mərhələsinə daxil olub və bu proses təkcə dinamikliyi ilə deyil, həm də dərin məzmunu və çoxşaxəli xarakteri ilə seçilir. Son 30 il ərzində iki ölkə arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, regional sabitlik və nəqliyyat-logistika sahələrində bu səviyyədə qarşılıqlı maraqların uzlaşması müşahidə olunmamışdı". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, mövcud mərhələ onu göstərir ki, tərəflər münasibətləri yalnız taktiki deyil, strateji müstəviyə keçirmək niyyətindədirlər:
"Şübhəsiz ki, bu prosesin inkişafına mane ola biləcək amillər də mövcuddur. Xüsusilə Cənubi Qafqazda və daha geniş regionda kənar dövlətlərin maraqları və müdaxilələri hazırkı imkanlara müəyyən risklər yarada bilər. Geosiyasi rəqabətin kəskinləşməsi, regionda balansı pozmağa yönəlmiş addımlar və qeyri-konstruktiv yanaşmalar Azərbaycan–ABŞ münasibətlərinin tempinə təsir göstərə bilər. Lakin bütün bunlara baxmayaraq, əgər ABŞ Azərbaycan və ümumilikdə regionla bağlı siyasətində ardıcıl və praqmatik mövqe nümayiş etdirərsə, bu, tarixdə analoqu olmayan yeni bir əməkdaşlıq mərhələsinin formalaşmasına gətirib çıxara bilər.
Keçmiş ABŞ administrasiyalarının yanaşmaları göstərirdi ki, Azərbaycanla münasibətlər çox vaxt selektiv xarakter daşıyır, ikili standartlar çərçivəsində qurulurdu. Azərbaycan regionun ayrılmaz və həlledici aktoru kimi deyil, daha çox epizodik maraqlar kontekstində qiymətləndirilirdi. Bu da öz növbəsində əməkdaşlığın dərinləşməsini ləngidir, potensial imkanların tam reallaşmasına mane olurdu. Digər regional dövlətlərlə müqayisədə Azərbaycana münasibətdə daha ehtiyatlı, bəzən isə məhdudlaşdırıcı siyasət aparılması bu yanaşmanın bariz nümunəsi idi. Donald Tramp administrasiyası dövründə isə Azərbaycanla bağlı siyasətin daha realist və çoxvektorlu xarakter aldığı müşahidə olunurdu. Bu yanaşma qarşılıqlı maraqlara əsaslanır və regionun real geosiyasi və geoiqtisadi mənzərəsini nəzərə alırdı. ABŞ-də artıq aydın şəkildə dərk olunur ki, Azərbaycanın iştirakı və tranzit, enerji, siyasi imkanları olmadan Mərkəzi Asiyanı və Xəzər hövzəsini dünya bazarlarına effektiv şəkildə bağlamaq mümkün deyil. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, etibarlı tərəfdaş kimi tanınan və regional sabitliyə real töhfə verən dövlətdir.
Məhz bu amillər Azərbaycan–ABŞ münasibətlərinin gələcəkdə daha da möhkəmlənməsi üçün ciddi zəmin yaradır. Əgər tərəflər bu reallıqları düzgün qiymətləndirərək əməkdaşlığı bərabərhüquqlu və qarşılıqlı hörmət prinsipləri əsasında davam etdirərlərsə, bu münasibətlər təkcə ikitərəfli deyil, bütövlükdə regionun inkişafına və qlobal təhlükəsizliyə mühüm töhfə verə bilər".