Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib. Tədbir zamanı 38 yaşlı Azad Fərəcov və əvvəllər məhkum olunan 41 yaşlı Mikayıl Səlimov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, A. Fərəcovdan 3 kiloqram 175 qram tiryək, 7 kiloqram 340 qram marixuana, 800 ədəd metadon həbi, M. Səlimovdan isə 2 kiloqram 10 qram heroin və metamfetamin, eləcə də 8 kiloqram 75 qram marixuana aşkarlanıb.
Saxlanılanlar ifadələrində narkotik vasitələri sosial şəbəkədə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər. Sonuncu əməliyyat zamanı 20 kiloqram 637 qram narkotik vasitə dövriyyədən çıxarılıb.
Faktla bağlı cinayət işləri başlanılıb. A.Fərəcov və M.Səlimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu ilin əvvəlindən Nəsimi RPİ-nin əməkdaşları tərəfindən 36 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.