"Məlumdur ki, Azərbaycan Prezidenti Davos İqtisadi Forumunda iştirak etmişdir və bu platformada mütəmadi iştirakımız Azərbaycanın iqtisadi inkişafında, eləcə də dövlətlərarası iqtisadi münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını göstərir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Arzuxan Əlizadə deyib.

Onun sözlərinə görə, Davosda keçirilən tədbir çərçivəsində Azərbaycan Prezidentinin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla ikitərəfli görüşü də baş tutmuşdur. Yanvarın 22-də keçirilən bu görüş zamanı bir sıra mühüm məsələlər müzakirə edilmişdir: "Mətbuata verilən məlumatlardan da məlumdur ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında strateji əməkdaşlıqla bağlı sənəd hazırlanmaqdadır və ötən il avqustun 8-də Vaşinqtonda imzalanmış bəyanat və razılaşmalar əsasında bu proses davam edir. Artıq bir neçə dəfə nümayəndə heyətlərinin geniş tərkibdə Amerika Birləşmiş Ştatlarına səfərləri də həyata keçirilmişdir.
Görüş zamanı Azərbaycan Prezidenti 8 avqust tarixində Vaşinqtonda imzalanmış sənədlərin əhəmiyyətinə xüsusi toxunmuş və qeyd etmişdir ki, artıq Cənubi Qafqazda sülhə və dayanıqlı sabitliyə nail olunmuşdur. Demək olar ki, sülh müqaviləsi imzalanmışdır. Bu prosesdə Amerika Birləşmiş Ştatlarının və xüsusilə Prezident Donald Trampın mühüm rol oynadığı Azərbaycan Prezidenti tərəfindən diqqətə çatdırılmışdır.
Eyni zamanda cənab Prezident İlham Əliyev vurğulamışdır ki, Ermənistanla kommunikasiyalar artıq mövcuddur və proses ikitərəfli danışıqlar yolu ilə davam etdirilir. Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin keyfiyyətli daşınması ilə bağlı Azərbaycan tərəfi müəyyən jestlər etmişdir. Hazırda taxıl məhsullarının, eləcə də neft, benzin və digər yanacaq məhsullarının Azərbaycan üzərindən Ermənistana daşınması və ixracı ölkələr arasında münasibətlərin inkişafına müsbət töhfə verir.
Azərbaycan Prezidenti həmçinin vurğulamışdır ki, Amerika Prezidenti də Azərbaycanla münasibətlərin ən yüksək səviyyədə inkişafında maraqlıdır. Azərbaycanın bölgədə artan əhəmiyyəti xüsusi olaraq qeyd edilmişdir və bu danılmaz faktdır ki, Cənubi Qafqazda mövcud reallıqlar Azərbaycanın gücü vasitəsilə dəyişdirilmişdir. Artıq Azərbaycana münasibət köklü şəkildə fərqlənir.
Amerika Prezidenti də bölgədə, xüsusilə Cənubi Qafqazda həyata keçiriləcək layihələrlə bağlı Azərbaycanın iştirakının olduqca vacib olduğunu dərk edir və bu məqam görüş zamanı vurğulanmışdır. Eyni zamanda Zəngəzur dəhlizi və TRİP layihəsinin icrası məsələsi də gündəmdə olmuş, hər iki Prezident bu istiqamətdə fikir mübadiləsi aparmış və gələcəkdə ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirmişlər.
Azərbaycan Prezidenti ilə ABŞ Prezidenti Donald Tramp arasında əlaqələrin intensiv xarakter alması bir daha göstərir ki, regionda Azərbaycanın rolu və əhəmiyyəti artıq aparıcı dünya dövlətləri tərəfindən qəbul edilir. ABŞ-da və digər qabaqcıl ölkələrdə anlayırlar ki, regionda reallaşacaq hər hansı bir layihə yalnız Azərbaycanın bilavasitə iştirakı ilə mümkündür. Bu isə Azərbaycanın gücünün, siyasi çəkisinin və regional lider mövqeyinin bariz göstəricisidir".