Azərbaycan və Avstriya mütəxəssisləri insultun müasir müalicəsini müzakirə edib

27 Yanvar 2026 13:56 (UTC+04:00)

Yeni Klinikada Azərbaycan və Avstriya mütəxəssisləri ilə birgə beynəlxalq insult konfransı keçirilib, insultun müasir müalicəsi müzakirə olunub.

Bu barədə SİA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, "CREGS (Cerebrolysin Registry Study in Stroke) beynəlxalq tədqiqatı: Azərbaycanın iştirakı və klinik nəticələr" adlı konfransda TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov, TƏBİB-in Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fidan Mahmudova, Avstriyanın "Landesklinikum Amstetten" xəstəxanasının Nevrologiya şöbəsinin rəhbəri Milan Vosko, neyrocərrah, professor Axel Kohlmertzın və Bakı Sağlamlıq Mərkəzinin İnsult Mərkəzinin rəhbəri, nevroloq, insult üzrə mütəxəssis Pərvin Allahyarova iştirak edib.

P.Əkbərov TƏBİB tərəfindən insult xəstələrinin erkən aşkarlanması, operativ yönləndirilməsi, ixtisaslaşmış müalicəsi və reabilitasiyasını əhatə edən yeni layihəni iştirakçıların diqqətinə çatdırıb.

İcraçı direktorun müşaviri yeni layihə çərçivəsində I səviyyə kimi Yeni Klinikanın, II səviyyə kimi Kliniki Tibbi Mərkəzin, III səviyyə kimi isə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli şəhər xəstəxanasının (Şimal qapısı) və Salyan Rayon Mərkəzi Xəstəxanasının (Cənub qapısı) təyin edildiyini bildirib.

O, vahid milli "Stroke Care" layihəsinin əsas məqsədinin vaxt itkisini minimuma endirməklə, ölüm və əlillik göstəricilərinin azaldılması, eyni zamanda regionlar ilə ixtisaslaşmış tibb mərkəzləri arasında koordinasiyanın gücləndirilməsi olduğunu bildirib.

F.Mahmudova TƏBİB nümayəndə heyətinin Avstriyaya səfəri çərçivəsində reabilitasiya xidmətlərinin inkişaf etdirilməsi, həkimlərin bilik və praktiki bacarıqlarının artırılması məqsədilə təcrübə proqramlarının təşkili istiqamətində əməkdaşlıq imkanlarının müzakirə edildiyini diqqətə çatdırıb. O, bu cür beynəlxalq əməkdaşlıqların ölkədə reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, qabaqcıl təcrübələrin tətbiqinə və kadr potensialının gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Tədbir çərçivəsində insultun müasir müalicə və reabilitasiya yanaşmaları, elmi tədqiqatların klinik praktikaya təsiri və beynəlxalq əməkdaşlığın əhəmiyyəti ətrafında geniş müzakirələr aparılıb.

İnsult üzrə mütəxəssis Pərvin Allahyarov "CREGS – yerli təcrübə" mövzusunda çıxış edərək tədqiqat çərçivəsində əldə olunan yerli klinik nəticələr və onların praktik tətbiqi barədə məlumat verib.

Avstriyalı mütəxəssis Milan Vosko isə "Orta dərəcəli kəskin işemik insultda Cerebrolysin preparatının müqayisəli effektivliyi üzrə beynəlxalq, yüksək keyfiyyətli tədqiqat" mövzusunda təqdimatla çıxış edərək metodologiya, əsas nəticələr və klinik əhəmiyyət barədə ətraflı məlumat paylaşıb.