“Bu səfər Azərbaycanın beynəlxalq parlament diplomatiyasında artan rolunu göstərir” - ŞƏRH EDİLDİ

27 Yanvar 2026 13:48 (UTC+04:00)

"Milli Məclisin sədri Sahibə Qafarovanın Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci Sessiyasında iştirakı Azərbaycanın beynəlxalq parlament diplomatiyasında artan rolunun növbəti göstəricisidir. Bu səfər təkcə protokol xarakteri daşımır, eyni zamanda ölkəmizin qlobal siyasi platformalarda fəal və prinsipial mövqe sərgilədiyini nümayiş etdirir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Sahibə Qafarovanın bu forumda iştirakı Azərbaycanın qadınların siyasi qərar qəbuletmə proseslərində iştirakının təşviqi istiqamətində apardığı siyasətin beynəlxalq miqyasda təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyır: "Azərbaycan son illər gender bərabərliyi, qadın hüquqları və inklüziv idarəetmə sahəsində mühüm institusional addımlar atıb və bu təcrübənin beynəlxalq platformalarda paylaşılması ölkənin müsbət imicinin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, Aralıq Dənizi Parlament Assambleyası kimi nüfuzlu qurumlarda aktiv təmsilçilik Azərbaycanın regional və qlobal siyasi proseslərdə etibarlı tərəfdaş kimi qəbul olunmasına ciddi töhfə verir. Xüsusilə, Birləşmiş Ərəb Əmirliklərində keçirilən bu sessiya Azərbaycan ilə Yaxın Şərq və Aralıq dənizi regionu ölkələri arasında parlamentlərarası əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır. Səfər çərçivəsində planlaşdırılan görüşlər yalnız qadın parlamentçilər arasında əməkdaşlıqla məhdudlaşmır, həm də siyasi dialoqun, qarşılıqlı etimadın və strateji əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Bu isə Azərbaycanın çoxtərəfli diplomatiya xəttinin əsas elementlərindən biridir. Sahibə Qafarovanın ADPA-nın Qadın Parlament Forumundakı iştirakı Azərbaycanın beynəlxalq parlament diplomatiyasında artan fəallığını, qadın liderliyinə verdiyi önəmi və qlobal siyasi gündəmdə konstruktiv mövqeyini bir daha təsdiqləyir".