"Hər istədiyini əldə edən uşaq zəhməti anlamır" - SOSİOLOQ DANIŞDI

27 Yanvar 2026 13:26 (UTC+04:00)

"Ümumiyyətlə insan elə bir varlıqdır ki, hər şeyin artığını və həddindən artıq çoxluğunu gördükdə bu, ona xeyirdən daha çox zərər verir. Bu prinsip təkcə maddi imkanlara deyil, tərbiyə və həyat tərzinə də aiddir. Xüsusilə uşaq tərbiyəsində ifrat yanaşma gələcəkdə məsuliyyət hissinin formalaşmasına mənfi təsir göstərə bilər". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ekspert sözlərinə belə davam edib: "Əksər valideynlər övladları üçün ən yaxşı şəraiti yaratmağa çalışırlar. Azərbaycanlı valideynlər isə bu məsələyə daha həssas yanaşır, daha çox işləyib, daha çox qazanaraq övladlarının bütün ehtiyaclarını təmin etməyə səy göstərirlər. Bu, təqdirəlayiq olsa da, bəzən valideynlər maddi təminata o qədər fokuslanırlar ki, uşağın mənəvi tərbiyəsi, əmək vərdişləri və məsuliyyət hissi kölgədə qalır. Hər istədiyi an əldə edən, çətinlik görməyən uşaq zəhmətin dəyərini anlamır və gələcəkdə həyatın real tələbləri qarşısında aciz qala bilir.

Maddi baxımdan həddindən artıq təmin olunmuş uşaqlarda bəzən qənaət, paylaşma, səbr və zəhmətlə nəyəsə nail olma kimi keyfiyyətlər zəifləyir. “Hər şeyin qədərində gözəl olduğu” prinsipi əsasında valideyn övladının zəruri ehtiyaclarını qarşılamalı, lakin lüks və israfçılığa yol verməməlidir. Bahalı brend geyimlərə həddindən artıq pul xərcləmək, hər il yeni model telefon almaq və ya normadan artıq cib xərcliyi vermək uşağın real dəyərlər sistemini poza bilər.
İnformasiya və internet dövründə valideynlərin işi daha da çətinləşib. Uşaqların kompüter oyunlarına sərf etdikləri vaxt, sosial şəbəkələrdə keçirdikləri saatlar, dost mühiti və küçə gəzintiləri müəyyən nəzarət altında olmalıdır. Lakin bu nəzarət yalnız qadağalar üzərində qurulmamalıdır. Daim “olmaz”, “etmə” kimi sərt məhdudiyyətlərlə böyüdülən uşaq, xüsusilə yeniyetməlik dövründə hər şeyin “dadına baxmaq” istəyinə düşə bilər ki, bu da təhlükəli nəticələr doğura bilər.

Ən doğru yanaşma balanslı tərbiyədir. Valideyn həm sərhəd qoymalı, həm də uşağa seçim etməyi, qərarlarının məsuliyyətini daşımağı öyrətməlidir. Uşağa əmək vərdişi aşılamaq, ev işlərində iştirakını təmin etmək, büdcənin necə formalaşdığını izah etmək onun gələcəkdə daha məsuliyyətli və müstəqil şəxsiyyət kimi formalaşmasına kömək edər.
Bir sözlə, hər şey valideyn nəzarəti və ölçü çərçivəsində olduqda daha effektiv olur. Həddindən artıq imkan yaratmaq uşağı rahatlığa öyrəşdirə, məsuliyyət hissini zəiflədə bilər. Sağlam tərbiyə isə uşağın həm maddi, həm də mənəvi baxımdan tarazlı inkişafını təmin etməlidir".