Fransa razı deyil
NATO-nun Baş Katibi Mark Rutte Aİ daxilində ayrıca bir hərbi struktur yaratmaqdan çəkinərək xəbərdarlıq edib və Avropa müdafiəsinin Alyansın funksiyalarını təkrarlamaq əvəzinə, ona etibar etməli olduğunu vurğulayıb. Bu barədə SİA xəbər verib.
Rutte qeyd edib ki, "Onlar yəqin ki, Avropa Müdafiə Qüvvələri kimi bir şeydən bəhs edirlər. Əlbəttə ki, bu, Avropa ölkələrinin qərarından asılıdır, amma düşünürəm ki, çoxlu təkrarlama olacaq. Milli ordularla yanaşı, bu qüvvəyə hərbi personal da təyin olunmalıdır. Bu, vəziyyəti daha da çətinləşdirəcək". Baş katib xəbərdarlıq edib ki, "Putin bunu bəyənəcək, ona görə də yenidən düşünün".
Eyni zamanda, o hesab edir ki, müdafiə hazırlığını artırmağın ən yaxşı yolu hər iki qurumun güclü tərəflərindən istifadə edərək Aİ və NATO arasında funksiyaları şaxələndirməkdir. Rutte həmçinin Avropanın ABŞ olmadan özünü müdafiə edə bilməyəcəyi fikrini ifadə edib. O əlavə edib ki, Amerika NATO-ya sadiq qalır və Alyansın öz maraqlarını qorumasına ehtiyacı var. "Əgər kimsə Avropa Birliyinin və ya bütövlükdə Avropanın ABŞ olmadan özünü müdafiə edə biləcəyini düşünürsə, xəyal qurmağa davam edin. Siz bacarmırsınız. Biz bacarmırıq. Biz bir-birimizə ehtiyac duyuruq", - deyə Alyans lideri vurğulayıb.
Ruttenin hesablamalarına görə, əgər Aİ özünü muxtar şəkildə müdafiə etmək qərarına gələrsə, Avropa ölkələrində müdafiə xərcləri 10%-ə qədər artacaq, özünün nüvə potensialını çəkindirici vasitə kimi inkişaf etdirmək isə milyardlarla avroya başa gələcək.
Xatırladaq ki, Donald Trampın mümkün tarifləri elan etməsindən və Qrenlandiya üzərində nəzarəti ələ keçirmək cəhdindən sonra Avropa hökumətləri ABŞ olmadan yeni ittifaqlar qurmağın zəruriliyini nəzərdən keçirməyə başlayıblar.
"Avropalılar öz təhlükəsizlikləri üçün məsuliyyət daşımağa qadirdirlər və borcludurlar", Fransa xarici işlər naziri NATO-nun baş katibinə cavab verib.
Fransa Mark Ruttenin Avropanın ABŞ-ın iştirakı olmadan təhlükəsizliyini təmin edə bilməyəcəyi barədə açıqlaması ilə razılaşmayıb. Xüsusilə, Fransa xarici işlər naziri Jan-Noel Barrot avropalıların öz təhlükəsizlikləri üçün məsuliyyət daşımağa qadir və borclu olduqlarını qeyd edərək, hətta ABŞ-ın da bu mövqeyi dəstəklədiyini vurğulayıb. O, bunu X platformasında yazıb. "Xeyr, əziz Mark Rutte. Avropalılar öz təhlükəsizlikləri üçün məsuliyyət daşıya bilərlər və daşımalıdırlar. Hətta ABŞ da bununla razıdır. Bu, NATO-nun Avropa sütunudur", - Jan-Noel Barrot yazıb.
Xatırladaq ki, NATO-nun baş katibi Mark Rutte AB daxilində ayrıca hərbi strukturun yaradılmasına qarşı xəbərdarlıq edərək, Avropa müdafiəsinin Alyansa etibar etməli və onun funksiyalarını təkrarlamamalı olduğunu vurğulayıb.
VƏLİ