“Statistik göstəricilər göstərir ki, icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərin əsas hissəsi xroniki və həyat keyfiyyətinə birbaşa təsir edən xəstəliklərlə bağlıdır”.
SİA xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin tibbi statistik nəticələrinə dair açıqlamasında bildirib.
Onun sözlərinə görə, diaqnoz qrupları üzrə statistikada qan dövranı, endokrin, tənəffüs və həzm sistemi xəstəlikləri üstünlük təşkil edir. Agentlik sədri qeyd edib ki, həm TƏBİB tabeli dövlət tibb müəssisələrində, həm də özəl tibb müəssisələrində aparıcı diaqnoz qrupları üzrə oxşar tendensiyalar müşahidə olunur.
Zaur Əliyev bildirib ki, TƏBİB tabeli tibb müəssisələrində əsas maliyyə yükü qan dövranı, həzm və endokrin sistemi xəstəliklərinin payına düşür. Özəl tibb müəssisələrinə yönəldilən ödənişlərdə isə qan dövranı sistemi, göz və gözün əlavə aparatının xəstəlikləri, eləcə də sümük-əzələ sistemi xəstəlikləri üstünlük təşkil edir.
O əlavə edib ki, 2025-ci ildə dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatlar sırasında ginekoloji əməliyyatlar, xüsusilə təbii doğuşlar birinci yerdə qərarlaşıb. Pasiyentlərin tez-tez müraciət etdiyi digər əməliyyat isə katarakta əməliyyatı olub.
Agentlik sədri qeyd edib ki, katarakta əməliyyatlarına tələbatın yüksək olması səbəbindən bu xidmətlərə həm dövlət, həm də Agentliklə müqaviləsi olan özəl tibb müəssisələri cəlb olunur. Bu məqsədlə vətəndaşların vaxtında tibbi xidmət almasını təmin etmək üçün özəl tibb müəssisələrinə göndərişlər verilir.
Bildirilib ki, 2025-ci ildə özəl tibb müəssisələrində göstərilən tibbi xidmətlərin sayı 773 minə yaxın olub ki, bu da əvvəlki illə müqayisədə təxminən 9 faiz artım deməkdir. İl ərzində özəl tibb müəssisələrinə 308 mindən çox göndəriş verilib. Bu göndərişlərin 85 faizi planlı, 15 faizi isə təcili xarakter daşıyıb. Təcili göndərişlərin əsas hissəsi ürək-damar xəstəlikləri ilə bağlı olub.