Amerikalı investor: Bakının startap ekosistemi inkişaf edir və...

26 Yanvar 2026 21:16 (UTC+04:00)

Azərbaycanın paytaxtı regional innovasiya ekosistemləri xəritəsində mövqeyini tədricən möhkəmləndirir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə məxsusi müsahibəsində “Outpost Capital və Solaris Venture Partners” vençur fondlarının tərəfdaşı, San-Fransiskodan olan investor Rayan Vanq danışıb. Müsahibəni təqdim edirik.

– Bakının startap ekosistemini necə qiymətləndirirsiniz və onun qlobal innovasiya zəncirlərinə daha tez qoşulmasına nə kömək edə bilər?

– Bakının startap ekosistemi inkişafın ilkin mərhələsindədir, lakin artıq nəzərəçarpacaq irəliləyiş göstərir. Dövlət dəstəyi mühüm rol oynayır, sahibkarların marağı da getdikcə artır. Qlobal innovasiya zəncirlərinə daha sürətli inteqrasiya üçün beynəlxalq kapitalın iştirakı, təcrübəli mütəxəssislərin mentor kimi cəlb olunması, uğurlu çıxış mexanizmlərinin formalaşdırılması, həmçinin qlobal korporasiyalar və akseleratorlarla daha sıx əlaqələr vacibdir.

– Azərbaycanda rəqəmsallaşmanın hansı istiqamətləri vençur investisiyaları üçün daha perspektivli görünür?

– Məncə, dövlət xidmətlərində süni intellektin tətbiqi, təhlükəsizlik cihazları və ödəniş həlləri, logistika və ticarətin rəqəmsallaşdırılması, energetikanın optimallaşdırılması, həmçinin “ağıllı” infrastrukturun inkişafı ən perspektivli sahələrdir. Bu istiqamətlər Azərbaycanın iqtisadi strukturuna uyğun gəlir və yalnız yerli bazarla məhdudlaşmır, regional miqyasda genişlənmə potensialına malikdir.

– Vençur ekosisteminin formalaşmasında özəl sektor hansı rolu oynaya bilər?

– Böyük korporativ qruplar ekosistemin dayaq institutları ola bilər. Belə ki, onlar startapların ilk müştəriləri, strateji tərəfdaşları, birgə investorları və məhdud tərəfdaşları kimi çıxış etmək imkanına malikdirlər. Bundan da vacibi odur ki, onlar startaplara məhsullarını daha tez sınaqdan keçirməyə, satış dövrlərini qısaltmağa və M&A əməliyyatları vasitəsilə real çıxış imkanları yaratmağa kömək edə bilərlər.

– Silikon Vadisi kontekstində Bakı regional innovasiya mərkəzinə çevrilə bilərmi?

– Bəli, belə potensial var. Bakı Avropa, Mərkəzi Asiya və Yaxın Şərqi birləşdirən unikal coğrafi və mədəni üstünlüklərə malikdir. Uğur üçün transsərhəd aktuallığa diqqət yetirmək, beynəlxalq istedadları cəlb etmək və şəhəri yalnız daxili ekosistem kimi deyil, əməkdaşlıq üçün neytral mərkəz kimi təqdim etmək vacibdir.

– ABŞ ilə Azərbaycan arasında texnoloji və iqtisadi əməkdaşlıq üçün ən böyük imkanları hansı sahələrdə görürsünüz?

– Ən böyük imkanlar süni intellekt, enerji keçidi, iqlim və infrastruktur texnologiyaları, təhlükəsizlik cihazları, kibertəhlükəsizlik və tətbiqi korporativ proqram təminatı sahələrində açılır. Amerikalı tərəfdaşlar texnologiya və daha geniş inkişaf təcrübəsi gətirir, Azərbaycan isə regional çıxış imkanı, sınaq mühitləri və strateji mövqe təqdim edir. Bu da qarşılıqlı faydalı əməkdaşlığın dayanıqlı modelini formalaşdırır.