“Hazırda ABŞ–Azərbaycan münasibətləri yüksək inkişaf mərhələsindədir və bu münasibətlərin dinamikası son dövrlərdə xüsusilə diqqət çəkir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, Bayden–Blinken administrasiyasının anti-Azərbaycan mövqeyindən sonra Donald Trampın yenidən hakimiyyətə gəlişi ikitərəfli əlaqələrdə ciddi dönüş nöqtəsi yaradıb. Məhz bu siyasi dəyişiklik fonunda ABŞ–Azərbaycan münasibətlərində yeni bir inkişaf mərhələsinin başlanğıcını müşahidə edirik.
Bu baxımdan ötən ilin 8 avqust tarixində ABŞ–Azərbaycan strateji tərəfdaşlığına dair Xartiyanın hazırlanması məqsədilə işçi qrupunun təsis edilməsi mühüm hadisə kimi dəyərləndirilməlidir. Artıq işçi qrup çərçivəsində bir sıra məhsuldar və effektiv görüşlər keçirilib ki, bu da tərəflərin strateji əməkdaşlığın institusional əsaslarını möhkəmləndirmək niyyətində olduqlarını göstərir.
Eyni zamanda vurğulamaq lazımdır ki, Donald Trampın birbaşa şahidliyi və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması prosesi sürətlənib. Bu fakt onu deməyə əsas verir ki, ABŞ Cənubi Qafqazda etibarlı və dayanıqlı sülhün formalaşmasında yaxından və fəal şəkildə iştirak edir. ABŞ-ın bu prosesdə konstruktiv mövqeyi regional sabitliyə töhfə verməklə yanaşı, Azərbaycanın beynəlxalq siyasi çəkisini də artırır.
Planlaşdırılan yüksək səviyyəli səfər marşrutları və qarşılıqlı təmaslar ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldəcək, xüsusilə iqtisadi əlaqələrin daha da dərinləşməsinə zəmin yaradacaq. Bu kontekstdə ABŞ–Azərbaycan münasibətlərinin artıq klassik tərəfdaşlıqdan çıxaraq strateji xarakter aldığını söyləmək olar.
Bununla yanaşı, Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə Sülh Platforması üzrə imzalanma mərasiminin keçirilməsi də Azərbaycanın qlobal sülh təşəbbüslərində fəal rol oynadığını təsdiqləyir.
Bütün bu proseslər ABŞ–Azərbaycan münasibətlərinin gələcəkdə daha da inkişaf etməsini stimullaşdırır. Xüsusilə diqqətəlayiq məqam ondan ibarətdir ki, artıq ABŞ və Azərbaycan prezidentləri arasında şəxsi və siyasi baxımdan yaxın münasibətlərin formalaşdığını müşahidə edirik. Donald Tramp bir neçə dəfə cənab Prezident İlham Əliyevin yüksək diplomatik bacarıqlara malik olduğunu açıq şəkildə vurğulayıb və bu fikirlərini öz sosial şəbəkə hesablarında da paylaşıb.
Nəticə etibarilə, sadalanan bütün amillər Azərbaycanın yeni geosiyasi reallıqlardakı rolunu daha da gücləndirir, ölkəmiz haqqında beynəlxalq aləmdə müsbət mövqenin və obyektiv rəyin formalaşmasına ciddi töhfə verir. Bu isə Azərbaycanın həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş və sülh təşəbbüslərinin aparıcı iştirakçısı kimi mövqeyini möhkəmləndirir”.