“İnfeksiya əlamətləri olan şəxslər ətrafdakılarla təmasını məhdudlaşdırmalıdır” - HƏKİM DANIŞDI

26 Yanvar 2026 17:28 (UTC+04:00)

“Hazırda tənəffüs yollarının virus infeksiyaları, o cümlədən qrip və qripəbənzər xəstəliklər geniş yayılmışdır. Bu infeksiyalar əksər hallarda oxşar klinik əlamətlərlə müşayiət olunduğundan dəqiq diaqnoz qoymaq çətinləşir və onlar ümumiləşdirilmiş şəkildə “tənəffüs yollarının virus infeksiyaları” adı altında müalicə olunur”. Bu sözləri SİA-ya açıqlamasında həkim Fidan Həsənli bildirib.

Onun sözlərinə görə, bu baxımdan əsas məqsəd xəstəliyin qarşısının alınması, ağırlaşmaların minimuma endirilməsi və immun sisteminin gücləndirilməsidir:

“İlk növbədə şəxsi gigiyena qaydalarına ciddi əməl olunması mühüm əhəmiyyət daşıyır. Əllərin tez-tez sabunla yuyulması, ictimai yerlərdə üzə, xüsusilə burun və ağız nahiyəsinə toxunmaqdan çəkinmək virusların yayılma riskini azaldır. Xəstəliyin geniş yayıldığı dövrlərdə qapalı və izdihamlı məkanlarda qoruyucu maskalardan istifadə tövsiyə olunur.

İmmunitetin gücləndirilməsi tənəffüs yolları infeksiyalarına qarşı mübarizədə əsas amillərdən biridir. Sağlam və balanslı qidalanma, vitamin və mineral baxımından zəngin qidaların qəbul edilməsi, kifayət qədər maye içilməsi və keyfiyyətli yuxu immun sisteminin normal fəaliyyətini təmin edir. Xüsusilə payız-qış mövsümündə orqanizmin müdafiə qabiliyyətinin zəifləməməsi üçün həyat tərzinə diqqət yetirilməlidir.

Xəstəliyin ilkin əlamətləri – hərarət, boğaz ağrısı, burun axıntısı, öskürək, halsızlıq müşahidə olunduqda özbaşına antibiotik qəbulundan çəkinmək vacibdir. Çünki antibiotiklər viruslara qarşı təsirli deyil və onların nəzarətsiz istifadəsi orqanizm üçün əlavə risklər yarada bilər. Belə hallarda istirahət rejiminə riayət etmək, bol maye qəbul etmək və həkim məsləhəti almaq əsas şərtdir.

Eyni zamanda, xəstəlik əlamətləri olan şəxslərin ətrafdakılarla təmasını məhdudlaşdırması, ev şəraitində qalması və şəxsi əşyaları başqaları ilə paylaşmaması virusun yayılmasının qarşısını almağa kömək edir. Uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər risk qrupuna daxil olduğundan onların sağlamlığının qorunmasına xüsusi diqqət yetirilməlidir.

Tənəffüs yollarının virus infeksiyalarına qarşı mübarizə yalnız müalicə ilə deyil, profilaktik tədbirlərin vaxtında və düzgün tətbiqi ilə daha effektiv olur. Maarifləndirmə, məsuliyyətli davranış və sağlam həyat tərzi bu infeksiyaların yayılmasının qarşısının alınmasında əsas rol oynayır”.