Azərbaycan Respublikasında dövlət maliyyəsinin idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır.
SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib.
Yeni sistem dövlət büdcəsinin formalaşdırılması və icrası, dövlət borcu və maliyyə öhdəliklərinin idarə edilməsi, xəzinədarlıq əməliyyatları, dövlət maliyyə nəzarəti, inzibati cərimələr, dövlət rüsumları, elektron müqavilələr və mühasibat uçotu sahələrində vahid rəqəmsal idarəetməni təmin edəcək.
Sistem vasitəsilə büdcə gəlirlərinin və xərclərinin real vaxt rejimində monitorinqi, dövlət proqramları və investisiya layihələrinin icrasına nəzarət, dövlət müəssisələrinin maliyyə fəaliyyətinin rəqəmsal əsasda təhlili həyata keçiriləcək.
İnformasiya sistemi “Hökumət buludu” (G-cloud) üzərində yerləşdiriləcək, digər dövlət informasiya sistemləri ilə inteqrasiya olunacaq və Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə fəaliyyət göstərəcək.
“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin sahibi və operatoru funksiyalarını Maliyyə Nazirliyi həyata keçirəcək.
Qeyd edək ki, yeni sistem dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın, operativliyin və effektivliyin artırılmasına xidmət edəcək.