"Daşaltı əməliyyatı tarixi dərsdir" - HƏRBİ EKSPERT

26 Yanvar 2026 16:20 (UTC+04:00)

"Təəssüflər olsun ki, 34 il bundan əvvəl keçirilən Daşaltı əməliyyatı bir sıra səbəblərdən uğursuzluqla nəticələnmişdi. Bu uğursuzluğun əsas səbəblərindən biri əməliyyatın planının kökündən yanlış qurulması idi". Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Şuşa şəhəri Azərbaycanın nəzarətində olduğu halda Daşaltı kəndinə qoşun yeridilməsi iki istiqamətdən həyata keçirilmişdi: "Üstəlik, bu bölmələr arasında qarşılıqlı əlaqə yox idi və onlar rabitə vasitələri ilə tam təmin olunmamışdılar. Bölmələrin bir-birinə əks istiqamətlərdən kəndə daxil edilməsi əməliyyatın əvvəlcədən uğursuzluğa məhkum olmasına səbəb olan ciddi taktiki səhv idi. Əgər məqsəd Daşaltı kəndinin azad edilməsi idisə, birbaşa motoatıcı və piyada bölmələrinin kəndə yeridilməsi əvəzinə, Daşaltının üzərində yerləşən qayalardan, yəni Şuşa istiqamətindən artilleriya və iriçaplı silahlarla atəş açmaq kifayət edərdi.

Mənbələrdə Daşaltıya hücum edən tağımın ermənilər tərəfindən pusquya salınması ilə bağlı məlumatlar yer alsa da, reallıq ondan ibarət idi ki, bölmələr arasında əlaqənin olmaması səbəbindən öz qüvvələrimiz bir-birinə qarşı atəş açmışdı. Azərbaycan ordusunun Şuşa ətrafındakı qayalıqlarda mövqe tutduğu bir şəraitdə, faktiki olaraq ayağımızın altında yerləşən kiçik bir kəndin azad edilməsi məqsədilə keçirilən bu əməliyyatda yüzə yaxın itki verdik və ən acınacaqlısı isə kəndi düşməndən azad edə bilmədik. Bu uğursuz əməliyyat Azərbaycan ordusunun döyüşən bölmələrinin mənəvi-psixoloji vəziyyətinə də ciddi mənfi təsir göstərdi.

Uzun illər – 29 il ərzində düşmən işğalı altında qalan Daşaltı kəndi Vətən müharibəsinin son günlərində erməni işğalçılarından tamamilə təmizləndi. Bununla da Birinci Qarabağ müharibəsində səriştəsiz komandirlərin şəxsi ambisiyalarının qurbanı olmuş yüz nəfərə yaxın şəhidimizin qanı alındı. Bu dəfə vəziyyət tamamilə fərqli idi. Düşmən həm Şuşada, həm Daşaltıda, həm də Daşaltıya gedən yollar üzərində mövqe tutmuşdu. Buna baxmayaraq, qoşunlarımız çox qısa müddət ərzində Daşaltıda yerləşən erməni silahlı birləşmələrinə ağır zərbələr endirdi, onların bütün döyüş mövqelərini darmadağın etdi və 9 noyabr tarixində Daşaltı kəndini düşməndən azad etdi.

Daşaltı əməliyyatı bir daha göstərdi ki, ordunun, qoşunların, bölmələrin və hərbi hissələrin idarə olunmasında qarşılıqlı əlaqənin düzgün təşkili həlledici əhəmiyyət daşıyır. Bölmələr hər hansı əməliyyata başlamazdan əvvəl düşmən haqqında dəqiq və dolğun məlumatlara malik olmalıdırlar. İdarəetmənin effektivliyi üçün müvafiq rabitə vasitələri ilə təminat son dərəcə vacibdir. Hücum əməliyyatları həyata keçirilməzdən əvvəl bütün detallar dəqiqliklə planlaşdırılmalı, düşmənin mövqeləri öncədən artilleriya atəşi ilə sıradan çıxarılmalıdır.

Eyni zamanda, paralel şəkildə müxtəlif istiqamətlərdən hərəkət edən qoşunların qarşılıqlı tanınması və koordinasiyası xüsusi əhəmiyyət kəsb edir. Dost atəşi riskinin aradan qaldırılması əməliyyatın uğuru baxımından əsas şərtlərdən biridir. Aşağı yüksəklikdə yerləşən yaşayış məntəqəsinə birbaşa hücum etmək əvəzinə, həmin məntəqəyə gedən yolların nəzarətə götürülməsi, kənddə mövqe tutmuş düşmən qüvvələrinin uzaq məsafədən atəşlə məhv edilməsi və məğlubiyyətə uğradılması daha doğru və rasional qərar hesab olunmalıdır".