Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyində mətbuat konfransı keçirilib

26 Yanvar 2026 16:13 (UTC+04:00)

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 2025-ci ilin nəticələri və 2026-cı il hədəfləri müzakirə olunub.

SİA xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayevin iştirakı ilə əlillik və reabilitasiya sahələrində aparılan islahatlar, hərbi xidmətə çağırılan şəxslərin yekun tibbi müayinəsi və 2026-cı il üçün müəyyənləşdirilən hədəflərə həsr olunmuş mətbuat konfransı keçirilib.

Tədbir zamanı Agentliyin son illər ərzində həyata keçirdiyi institusional və rəqəmsal islahatlar, əlillik təyinatı və reabilitasiya xidmətlərinin əlçatanlığının artırılması, hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsinin şəffaf və obyektiv təşkili ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda, 2026-cı il üzrə prioritet istiqamətlər və qarşıda duran əsas hədəflər ictimaiyyətin diqqətinə çatdırılıb.

Ramin Rzayev bildirib ki, 2025-ci ildə Agentlik tərəfindən 54,5 min şəxsə əlillik təyin olunub. Onlardan 25,3 min nəfərə ilkin, 29,2 min nəfərə isə təkrar əlillik təyinatı verilib. Son bir ildə reabilitasiya müəssisələrində 142 min şəxsə xidmət göstərilib; onlardan 78,6 min nəfər ambulator, 33,2 min nəfər isə stasionar və icma əsaslı reabilitasiya xidmətləri ilə təmin olunub. 13,7 min şəxsə isə 212 min reabilitasiya vasitəsi təqdim edilib. Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” Reabilitasiya Məntəqəsində ötən il 1,8 min şəxsə xidmət göstərilib, 218 nəfərə 1 365 reabilitasiya vasitəsi təqdim olunub.

Posmüharibə dövründə müharibə iştirakçısı olan 3 747 şəxsə reabilitasiya xidmətləri göstərilib, müharibə ilə əlaqədar əlilliyi olan 2,4 min şəxsə 88,4 min reabilitasiya vasitəsi, 500-dən çox şəxsə isə 620 ədəd yüksək texnologiyalı protez təqdim edilib.

Hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi elektron növbəlilik prinsipi əsasında peşəkar mütəxəssislər tərəfindən aparılır və nəticələr elektron sistem vasitəsilə vətəndaşlara təqdim olunur.

Ramin Rzayev qeyd edib ki, 2025-ci ildə Agentlik tərəfindən icrasına başlanan rəqəmsal və inklüziv layihələr, o cümlədən “e-sosial” mobil tətbiqi çərçivəsində fəaliyyət göstərən “Sənə özəl” platforması və “Səsiniz olaq” onlayn surdotərcümə xidməti, əlilliyi olan şəxslərin sosial həyata inteqrasiyasını və xidmətlərə çıxışını asanlaşdırır.