ABŞ-da özəl sərnişin təyyarəsi qəzaya uğrayıb

26 Yanvar 2026 13:44 (UTC+04:00)

ABŞ-ın Men ştatında yerləşən Banqor beynəlxalq hava limanında özəl sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı təyyarənin göyərtəsində səkkiz nəfərin olduğu bildirilir. SİA-nın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Bombardier Challenger 650 tipli biznes-jet havaya qalxan zaman qəzaya düşüb. Hadisə bazar günü, yanvarın 25-i axşam saatlarında baş verib. ABŞ Federal Mülki Aviasiya Administrasiyası (FAA) faktı təsdiqləyib.

İlkin məlumata əsasən, qəza nəticəsində ölən və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur. Təhlükəsizlik tədbirləri çərçivəsində hadisədən sonra Banqor beynəlxalq hava limanı müvəqqəti olaraq bağlanıb, əhaliyə isə hadisə yerindən uzaq durmaq tövsiyə edilib. Qəzanın baş verdiyi vaxt – axşam saat 19:00 radələrində Banqorda havanın temperaturu təxminən 2 dərəcə isti olub, zəif qar yağıb. Görünüş məsafəsi isə təxminən 1,2 kilometr təşkil edib.

Hazırda qəza ilə bağlı araşdırma aparılır. Hadisənin səbəbləri ABŞ Federal Mülki Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən araşdırılır.

Qeyd edək ki, bu günlərdə ABŞ-da “Fern” adlı güclü qış fırtınası müşahidə olunur. 18 ştatda fövqəladə vəziyyət elan edilib, Nyu-Yorkda isə əlverişsiz hava şəraiti nəticəsində azı üç nəfər həyatını itirib.

Xatırladaq ki, ötən ilin dekabr ayında Texas ştatında Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə qəzaya uğramış, hadisə nəticəsində azı beş nəfər həlak olmuşdu.