Mətləb Salahov: “Ermənistanda iqtisadi nəfəslikdən qurtulmaq üçün tək çarənin Azərbaycanla əməkdaşlıq olduğunu daha yaxşı hiss edirlər”
“Ermənistan rəhbərliyi artıq etiraf edir ki, Azərbaycanla iqtisadi əlaqələrin yaranması Ermənistanın iqtisadi iflas “nəfəsliyindən” xilas olmasına təkan verir. İstər Ermənistan prezidenti Vaaqn Xaçaturyan, istərsə də Baş nazir Nikol Paşinyan açıq şəkildə Azərbaycanın göstərdiyi böyük humanizm addımlarının Ermənistanda iqtisadi fəallığa, sosial dinamikaya səbəb olduğunu açıqca elan edirlər. Məsələn, N.Paşinyan bəyan edirsə ki, Azərbaycandan göndərilən neft məhsulları hesabına yanacaq qiymətlərində 20 faiz ucuzlaşma var, demək, rəsmi İrəvan Azərbaycana olan iqtisadi möhtaclığını bu şəkildə etiraf edir.”
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, bu il işə salınması nəzərdə tutulan TRIPP layihəsi bölgədə iqtisadi inteqrasiyanı və əməkdaşlıq mexanizmini gücləndirəcək. “Xüsusilə Ermənistanın enerji ehtiyaclarının Azərbaycan vasitəsi ilə ödənilməsi üçün Ermənistan rəhbərliyi indidən istəklərini dilə gətirir. N.Paşinyan cəmi bir neçə gün bundan öncə parlamentdəki çıxışında bəyan edib ki, Ermənistan və Azərbaycanın enerji sistemləri TRIPP layihəsi çərçivəsində birləşdiriləcək. Açıq şəkildə görünür ki, rəsmi İrəvanın Azərbaycandan iqtisadi gözləntiləri böyükdür və bu, o deməkdir ki, Ermənistan Azərbaycandan daha böyük iqtisadi humanizm gözləyir”.
Afət Tahirqızı