ADY ilə Dünya Bankı arasında əməkdaşlıq müzakirə olunub

26 Yanvar 2026 12:57 (UTC+04:00)

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ilə Dünya Bankı arasında əməkdaşlığın mövcud vəziyyəti, münasibətlərin genişləndirilməsinin əhəmiyyəti müzakirə olunub, Dünya Bankının Bakı Beynəlxalq Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı, həyata keçirilən işlərə texniki dəstəyi və investisiya ayrılması imkanları barədə fikir mübadiləsi aparılıb.

SİA səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, müzakirələr ADY-nin sədri sədri Rövşən Rüstəmov ilə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə infrastruktur direktoru Çarlz Kormyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.

ADY sədri bildirib ki, son dövrdə Orta Dəhlizlə xüsusilə konteyner daşımaları artıb, 2025-ci ildə Çin–Azərbaycan istiqamətində yükdaşımalar üzrə müsbət dinamika qeydə alınıb. Ötən il 392 blok-qatar qəbul edilib ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 37 % çoxdur. Bu nəticələrin əldə olunmasına ADY-nin həyata keçirdiyi işlər, o cümlədən Çinin "China Railway Container Transport Corp. Ltd." (CRCT) şirkətinin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta Dəhlizin inkişafı məqsədilə yaradılmış "Middle Corridor Multimodal Ltd" birgə müəssisəsinə cəlb edilməsi müsbət təsir göstərib.

Həmçinin qeyde edilib ki, ötən il beynəlxalq daşımaların səmərəliliyinin artırılmasında Bakı Beynəlxalq Dəniz Limanının ADY-yə inteqrasiyası mühüm rol oynayıb. 2025-ci ildə Bakı Limanında rekord həcmdə – 107 min TEU-dan çox konteyner yükü aşırılıb ki, bu da 2024-cü illə müqayisədə 40 % artım deməkdir.

Dünya Bankının regional direktoru Çarlz Kormye bankın ADY ilə əməkdaşlığın dərinləşdirilməsinə maraq göstərdiyini vurğulayıb, ADY tərəfindən Orta Dəhlizin inkişafı üzrə görülən işlərin gələcək tərəfdaşlıq baxımından yeni imkanlar açdığını qeyd edib.