Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Yanvarın 26-da respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə yola salınıb.
SİA-nın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Badara kəndinə 15 ailə - 66 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 34 nəfər köçürülür.
Uzun illərdən sonra yurdlarına qayıdışı böyük məmnunluq və sevinc hissi ilə qarşılayan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Xocalı sakinləri, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.