Malinovski “Cenoa”da möhtəşəm zərbə ilə fərqlənib

26 Yanvar 2026 10:21 (UTC+04:00)

Ukrayna millisinin yarımmüdafiəçisi Ruslan Malinovski İtaliya A Seriyasında “Cenoa”nın heyətində növbəti qolunu vurub.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 22-ci tur çərçivəsində “Cenoa” ilə “Bolonya” arasında keçirilən oyunda Malinovski matçın əvvəlini ehtiyat oyunçular skamyasında izləyib. Ukraynalı futbolçu 55-ci dəqiqədə meydana daxil olub.

Həmin vaxta qədər oyunda Cenoa komandası üçün vəziyyət ürəkaçan olmayıb. Komanda artıq iki qol buraxmışdı. İlk qolu birinci hissədə “Bolonya”nın futbolçusu Ferqyuson vurub. Fasilədən sonra isə Otoa topa uğursuz müdaxilə edərək avtoqol müəllifi olub.

Oyunun gedişində dönüş nöqtəsi 57-ci dəqiqədə yaşanıb. Qonaq komandanın qapıçısı Skorupski qırmızı vərəqə alaraq meydandan qovulub və “Bolonya” azlıqda qalıb.

Say üstünlüyündən dərhal yararlanan Ruslan Malinovski qısa müddətdə rəqib qapısı önündə təhlükəli vəziyyət yaradıb. Ukraynalı yarımmüdafiəçi təxminən 30 metr məsafədən cərimə zərbəsindən vurduğu möhtəşəm və güclü zərbə ilə topu “rossoblu”nun qapıçısı Ravalya­nın qoruduğu qapının toruna göndərib.

Malinovskinin bu qolu oyuna intriqa qatmaqla yanaşı, onun fərdi ustalığını da bir daha nümayiş etdirib.